Azərbaycanın Türkiyədəki sərmayəsi - RƏSMİ AÇIQLAMA
    • 24-10-2018, 21:00
    • 1 149

Azərbaycanın Türkiyədəki sərmayəsi - RƏSMİ AÇIQLAMA

Azərbaycan Türkiyəyə 14,5 milyard dollar sərmayə qoyub. Bunun 13 milyardı neft sektorunun, 1,5 milyardı isə qeyri-neft sektorunun payına düşür. 

Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumda bildirib.

Türkiyənin Azərbaycandakı investisiyalarının həcmi isə 11,8 milyard dollar təşkil edir. Bunun 9,1 milyard dolları neft, 2,7 milyard dolları isə qeyri-neft sektoruna yatırılıb. Türkiyə Azərbaycanın 150 ticarət tərəfdaşları arasında qeyri-neft sektoru üzrə liderdir. 

Nazir müavininin sözlərinə görə, 2017-ci ildə Azərbaycanla Türkiyənin idxal-ixrac əməliyyatlarının dəyəri 12 faiz artaraq, 2,6 milyard ABŞ dolları olub. Bu ilin əvvəlindən isə artım göstəricisi 12 faizdir. Türkiyədən idxalımız 25 faiz, Türkiyəyə ixracımız isə 18 faiz artıb. 

“STAR zavodu Türkiyənin bir çox məhsullar üzrə idxaldan asılılığını azaldacaq. 6,3 milyard dollarlıq bu layihə, əslində, daha çox dəyərə malikdir. Çünki bu layihə hər iki ölkə arasında iqtisadi əməkdaşlığın hansı səviyyədə olduğunu göstərir”, - deyə nazir müavini əlavə edib. 

N.Səfərov qeyd edib ki, hər iki ölkə arasında ticarət iqtisadi əlaqələrin böyük potensialı var və xüsusən kənd təsərrüfatı əlaqələri genişlənir. 
//oxu.az