Ceyhun Bayramov səfirlərlə görüşdü
    • 18-03-2021, 22:50
    • 534

Ceyhun Bayramov səfirlərlə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşü keçirilib.

XİN-dən News24.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb. Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub. Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacib olduğu bildirilib.

İƏT-in hər zaman Azərbaycanın haqq mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın sonuncu Nazirlər Şurasının iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.