Ombudsmandan bayram təşəbbüsü: SOSİAL AKSİYA
    • 20-03-2021, 18:15
    • 440

Ombudsmandan bayram təşəbbüsü: SOSİAL AKSİYA

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə penitensiar, səhiyyə, sosial və təhsil müəssisələrindəki şəxslər, habelə aztəminatlı ailələr üçün sosial dəstək aksiyası təşkil edilib.

Ombudsman Aparatının mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Aparatın əməkdaşları Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsi, qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsi, Həssas Əhali Qruplarından olan Şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində saxlanılan şəxslərlə görüşlər keçirib, onlara sovqatlar təqdim ediblər. Ombudsmanın nümayəndələri tərəfindən Tərbiyə Müəssisəsində beş şəxs qəbul olunub, onların müraciətləri dinlənilib.

Ombudsmanın regional mərkəzləri də bayram ərəfəsində əhatə etdikləri rayonlarda həssas əhali qrupları ilə görüşlər təşkil edib. Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları Gəncə Uşaq Evi və Gəncə Körpələr Evinə, Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evi və Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasına, Şəki Regional Mərkəzinin nümayəndələri Şəki Rayon Psixiatriya Müəssisəsi, Şəki şəhər Qarışıq tipli uşaq evi və İnteqrasiya təlim tipli gimnaziyaya, Quba Regional Mərkəzinin əməkdaşları isə Quba Xüsusi peşə məktəbi, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbi və Quba Rayonlararası Psixonevroloji Mərkəzinə baş çəkiblər. Həmin müəssisələrdə yaşayan şəxslərə Ombudsmanın təbrikləri çatdırılıb, bayram sovqatları təqdim edilib.