Yarım əsrin Aybəniz Haşımovası musiqi ziyafəti verdi – FOTOLAR - VİDEO
    • 25-10-2018, 13:22
    • 1 565

Yarım əsrin Aybəniz Haşımovası musiqi ziyafəti verdi – FOTOLAR - VİDEO

Əməkdar artist Aybəniz Haşımova “Mənim ömür nəğmələrim” adlı konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, yubiley xarakterli konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutub.

Anşlaqla keçən tədbir ifaçının 50, sənətdə olmasının 40 və ustadı xalq artisti Şövkət Ələkbərovanın 96 illiyinə həsr olunub.

Konsertdə sənət və ictimai korpusun nümayəndələri iştirak edib.

Aybəniz Haşımova ötən gecə həmkarlarından seçilməyi də bacarıb. O, hər kəsdən fərqli olaraq, səhnədə  bir kəlmə belə  söz deməyib.

Əvəzində isə dinləyiciləri salamlamaq və ifaçının sənət yolu haqda danışmaq peşəkar aparıcı Azər Süleymanlıya həvalə olunub.

“Dan ulduzu” ansamblının müşaiyət etdiyi konsert A.Haşımovanın illər öncə elə filarmoniyanın səhnəsində “Qəlbimdə qaldın”  mahnısını ifa etdiyi çıxışın görüntüləri ilə start götürüb.

Əməkdar artist daha sonra sözügedən bəstəni canlı səsləndirərək,səhnəyə çıxıb.

Ard-arda həm öz, həm də ölməz klassik əsərlərdən ibarət mahnılar səsləndirən Aybəniz Haşımovanın tələbələri də həmin gün ustadları ilə birgə səhnə alıblar.

İfaçının azyaşlı tələbəsi Həsən Əliyevin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" əsərinə bəstələdiyi “Kor ərəbin mahnısı”nı səsləndirməsi böyük alqışla qarşılanıb. Təsadüfi deyil ki, dünən böyük ədib Hüseyn Cavidin də doğum günü idi.

Konsertin maraqlı məqamlarından biri də,ifaçının səhnəyə bacısı, xalq artisti Şahnaz Haşımovanı dəvət etməsi və onunla birlikdə duet oxuması olub.

Gecə boyu 2 libas dəyişən Aybəniz Haşımovanın stili üzərində top-stilist Elnur Həsənov çalışıb.

Teymur Məmmədov
VİDEO: Nurlan Gülməmmədov