"İmanov qardaşları bacarmadı" - Ramiz Əzizbəyli ilk dəfə onu incidən SƏBƏBLƏRDƏN DANIŞDI
    • 30-03-2021, 17:36
    • 2 045

"İmanov qardaşları bacarmadı" - Ramiz Əzizbəyli ilk dəfə onu incidən SƏBƏBLƏRDƏN DANIŞDI

Səhhətindəki problemlərə, yaşadığı ağrı-acılara rəğmən, həyat eşqi, yaratmaq sevgisi zərrə qədər azalmayıb. Hər sabahını çəkəcəyi kinoların, oynayacağı rolların, yazacağı ssenarilərin xəyalıyla açır. 

Söhbət ailəsini, işini, övladlarını, nəvələrini, xalqını təmənnasız sevən Xalq artisti, “Şöhrət” ordenli aktyorumuz Ramiz Əzizbəylidən gedir. Onunla çox şeydən danışdıq. Zəfərimizdən, Qarabağdan, kinomuzdan, həmkarlarından və səhhətindən...Hamısında da nikbin ovqat, pozitiv təəssürat...Yataqdan qalxacam, film çəkəcəm, Şuşaya gedəcəm, yazacam, yaradacam...
 
Xalq artisti Ramiz Əzizbəylinin News24.az-a müsahibəsi:

                        

- Xalqımız 30 il gözlədiyi qələbə sevincini yaşadı. Sizin o həyəcanlı günlərlə bağlı təəssüratınız necədir?

- Mən də həmin günlərdə baş verənləri, həyəcanla, sevinclə, qürurla izlədim. Hər kəs kimi Qələbəmizlə fəxr elədim. Xalqımıza ancaq qələbə və sevinc yaraşır. Qələbə münasibətilə hər kəsi bağrıma basıb öpürəm və bir daha təbrik edirəm. Mən ermənilərə nifrət edirəm,  onlara hiddətim günü-gündən çoxalır. Onların bizə yaşatdıqlarını heç zaman unutmamalıyıq. 
 
Ayağa qalxan kimi Şuşaya gedəcəm...

- Qarabağa getməyi arzulayırsınız? 

- Sağlamlığım imkan versə, elə bu dəqiqə qaça-qaça gedərəm, amma ayağım icazə vermir. Artıq üçüncü ildir ki, yorğan-döşəkdəyəm. Amma ayağa qalxan kimi söz verirəm, ilk olaraq Şuşaya gedəcəm. Şuşada olmamışam axı... Ona görə də, mütləq gedib oranı görəcəm.  

- Bəzi həmkarlarınız artıq Şuşada oldular. Bəs, o heyətdə ola bilməməyiniz sizdə qısqanclıq yaratmadı? 

- Qısqanclıq yox, amma çox heyfsləndim. Kaş ki, mən də gedə bilərdim.  

- Ümumiyyətlə, Qarabağda olmusunuz? 

- Hə, o qədər... Hacıbaba Bağırovla birlikdə Xankəndində çox olmuşuq. Uzun illər Ziyafət Abbasov və Həsənağa Turabovla dostluq etmişəm. Onların məsləhəti ilə Musiqili Komediya teatrına getdim. 2200 rubldan imtina edib könüllü olaraq 40 manatlıq maaşla işlədim. Amma dollandırmadılar məni... 


- Sizcə, qələbəylə bağlı film necə olmalıdır? 

- Hər zəmanənin öz tələbi var. Bizdə kino işçiləri inkişaf edir, ona görə də bu mövzunu rahatlıqla onlara həvalə edirəm. Yerli rejissorlarımıza güvənirəm. Düşünürəm ki, qələbə haqqda filmə müxtəlif aspektlərdən yanaşmaq olar.  

- Böyük Vətən Müharibəsi haqda filmin türkiyəli rejissor Osman Sınava həvalə edilməsi haqda fikirlər səslənir. Sizcə, hansısa xarici rejissor bu mövzunu, oradakı hadisələri və hissləri biz istədiyimiz kimi lentə ala bilərmi?  

- İnanmıram. Məncə, o hissləri və hadisələri əcnəbi rejissor bizim kimi ifadə edə bilməz. O işi yalnız bizim və bir də Türkiyənin rejissoruna tapşırmaq olar. Osman Sınava gəlincə, deyim ki, onu şəxsən tanımıram, amma haqqında çox eşitmişəm.  

- Yataqda olsanız da, bilirəm ki, boş dayanmırsınız. Nə yazırsız?

- Əlimdə bir ssenarı var. Ayağa qalxa bilsəm onu çəkəcəm. Ssenarini Xəzər  televiziyasına vermişəm, Muradla qohumluğumuz var.  Amma nəsə hələ bir cavab verməyiblər. Gözləyirəm, görüm nə deyəcəklər. (Gülür) 
Bilirsiz, mən bu işə, bu sənətə fəhləlikdən başlamışam, elə fəhləliklə də bitirəcəm. Çəkdiyim bütün filmlərdə, səhnələşdirdiyim bütün tamaşalarımda hər şeyi özüm eləmişəm. Dekorasiya mıxlamışam, quruluşçu rejissor olmuşam, rəssamlığını etmişəm, eskizlərini çəkmişəm, əsərdəki evin pərdələrinə qədər hamısını özüm tikmişəm. Düzdür, yoruldum, amma nəticədə ekranda hər şey qüsursuz alındı. 

- Az öncə dediyiniz ssenari hansı janrdadır? 

- Komediyadır.  


- Amma nədəndirsə son zamanlar Azərbaycanda ancaq komediyalar çəkilir. Ciddi filmə maraq yoxdur... 

- Elədir. Görünür, ciddi iş heç kimə lazım deyil, (gülür) ona görə hamı komediyaya qaçır. Düşünürlər ki, komediyadan nəsə çıxarmaq olar.  
Halbuki “Bəxt üzüyü” filmim komediya janrında olsa da, onu yenidən dərd üstündə köklədim.  Finalda hər kəs dağılır. Dağılan yerdə də məhəbbət, hörmət, sevgi olmur. 
 
- Müasir dövrdə "Bəxt üzüyü"nü yenidən lentə alsaydınız, hadisələri necə dəyişərdiniz? 

- Yeni versiyada çəkmək üçün müraciət olundu, amma razılıq vermədim. İkincisini çəkdilər, amma məncə, yaxşı olmadı. İnciməsinlər, amma İmanov qardaşları bacarmadılar.  

- Deyirsiz, filmi yenidən çəkməyə razılaşmadım, bəs, "Bəxt üzüyü-2" üçün sizdən icazə almışdılarmı? 

- Özləri deyirlər, icazə alıblar. Amma bu nə vaxt olub xatırıamıram, məncə icazə almayıblar. Ona görə də bu hərəkətləri ürəyimə dəydi, amma halal-xoşları olsun. Mənə görə, film bir dəfə. Fərqi yoxdur pis ya da yaxşı şəkildə, amma bir dəfə. Bu tamaşa deyil ki, onu bir neçə dəfə səhnələşdirsinlər.  

- Bu günki seriallardan danışaq, Xəzər TV-dəki "Ata ocağı"nı izləyirsinizmi? 

- Bəli. İlk bölümdən izlədiyim serialdır, çox xoşuma gəlirdi. Amma getdikçə zəifləyir. Gərək, bu qədər uzatmazdılar. Hər şey qədərində gözəldir.  


- Hansı sizin üçün daha önəmlidir, aktyor kimi ekranda görünmək, yoxsa rejissor kimi arxada qalmaq? 

- Fəhləlik...Rejissorluq, aktyorluqdan daha çox bu işin fəhləliyi ilə məşğul olmaq istəyirəm. Amma bunlardan öncə can sağlığı arzu edirəm. Şan-şöhrət gəldi-gedərdir, amma can sağlığı olmasa, o məşhurluq da lazım deyil. Ancaq bəxtəvər və şanslı Xalq artistlərindənəm.  

Balalarım məni bağışlasın, onları çox incitdim...

- Hiss olunur, aktiv həyatınız üçün çox darıxmısınız... 

- Gəzmək üçün darıxmışam. Yorğan-döşəkdən yorulmuşam. Nə qədər yatmaq olar?! Nə qədər uşaqlarıma əziyyət vermək olar?! Bağışlasınlar məni...  

- "Halal pullar" filmində oğlunuza aktyor olmasına icazə vermirdiniz. Bəs, gerçək həyatda necə? Qızlarınızın bu sahədə olmasını istəməzdiniz? 

- Jurnalist olsaydılar daha yaxşı olardı. Düzdür, bir qızım rejissorluq ixtisasına qəbul olundu, amma yarımçıq qoydu. Anaları Zümrüd xanım xəstələndi deyə, təhsilini başa vura bilmədi. 



- Zümrüd xanım demişkən, eşitdiyimizə görə sizin çox maraqlı sevgi tarixçəniz var. 72 yaşında yenidən həyat yoldaşınıza aşıq olmusunuz... 

- Elə indi də sevirəm. (gülür)   

- Zümrüd xanımın ürəyini necə fəth etmisiniz? 

- Televiziya çalışmağıma, tanınmış aktyor olmağıma baxmayaraq, iki dəfə institutdan kəsilmişəm. Sonra Lütfi Məmmədbəyov mənə qiyabi oxumağı məsləhət gördü. Onun məsləhəti ilə təzədən təhsilimi davam etdirməyə başladım. Elə orda təsadüfən Zümrüdü gördüm və aşiq oldum. Məndən üç yaş kiçikdir. İlk görüşdən onu bəyənib sevdim və elə indi də çox sevirəm. Hər dəfə məhəlləmizdə evlərinin yanından keçib ona baxırdım. (gülür) Zümrüd xanım Möhsün Sənaninin nəvəsidir. Onu balaca yaşlarından tanıyırdım. Sonralar institutda yollarımız kəsişdi. Evləndik. Allah Kübra xanıma da rəhmət eləsin. 21 il onun evində yaşadıq.  Şükür, gözəl   balalarım, üç nəvəm var. Böyüyün 14,  ortalçılın 3, kiçiyininsə 1 yaşı var. Bizə gələndə məndən əl çəkmirlər. Sinəmin üstündə yatırlar.  


- Ramiz müəllim, əlindən tutub sənətə gətirdiyiniz insanlar necə, sizi yad edirlərmi?  

- Mənim həddindən artıq, saysız-hesabsız dostlarım var. Hamısı tez-tez baş çəkirlər.  Həmkarlarımdan tutmuş, adi adamlara qədər. Sağ olsunlar, diqqətsiz qalmamışam. 

Onlarla heç vaxt barışmaram, həyatımdan silmişəm...

- Bəs, incik olduqlarınız necə, var? 

- Bəli. Vidadi Həsənov, Gülşad Baxşıyeva mənimlə danışmır. Heç lazım da deyil. Halal xoşları olsun. Amma yad adamlar var ki, müntəzəm gəlib-gedirlər. Evim həmişə qonaq-qaralıdır. Amma onlarla heç vaxt barışmayacağam. Xətrimə dəyiblər, birdəfəlik həyatımdan silmişəm.  


- Gənc aktyorlara da hər zaman dəstək olmusunuz... 

- Uşaqlarımın hamısından razıyam. Zəifi də, güclüsü də hamısı mənimdir, evimdir. Sevirəm onları. Çünki onların hər biri vaxtında məsləhətlərimi alıblar. Bünövrəsi güclü olana sonradan məsləhət vermək lazım gəlmir. Onlarla dost olmaq kifayətdir.  

- Sizcə, Azərbaycan kinosu hazırda nə vəziyyətdədir? 

- Yaxşısı da, pisi də var. Düşünürəm ki, hər şey getdikçə düzələcək. Çünki millətimiz çox istedadlıdır.  

- Yeni Mədəniyyət Naziri Anar Kərimovla tanışlığınız var? 

- Xeyr.  

- Axı, nazir bəzi tanınmış sənətkarları evində ziyarət edir. 

- Yox. Qətiyyən buna ehtiyac yoxdur. Amma ümumiyyətlə, gələn-gedən olmayıb.


 - Ramiz müəllim, çox gözəl səsiniz var. Müğənni olmaq istəmisinizmi? 

- İstəmişəm. Disklərim, səs yazılarım, xanəndə kimi oxuduğum mahnılarım var. Məndən yoxdur, yoxdur, yoxdur! Anam Xəticə xanımın 11-ci övladı, sonbeşiyi olmuşam. Kənardan çox adam ona deyirmiş, bu qoca yaşında 11-ci uşağı neyniyirdin? Amma nəticədə mənim kimi istedad dünyaya gəlib. (gülür).

VİDEO - FOTO: Fərid Şabanov, Hüseyn Həsənov