Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir
    • 1-04-2021, 20:10
    • 1 193

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı inkişaf edir

Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyində görüş keçirilib.

News24.az
xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov görüşdə bildirib ki,  ortaq maraqların və dəyərlərin birləşdirdiyi Azərbaycan və Türkiyə dünya miqyasında ən yaxın strateji müttəfiqlər kimi daim bir-birinin yanındadır. 

Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bildirib, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək quruculuq layihələrində iştirakda maraqlı olduqlarını diqqətə çatdırıb.
Tədbirdə Nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Rəşad Nəbiyev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev ölkələrimiz arasında tranzit-logistika, gömrük, İKT, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi, ərazilərimizin işğaldan azad edilməsi ilə əlaqədar yaranmış yeni reallıqlara uyğun olaraq, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Covid-19 pandemiyasının ölkə iqtisadiyyatına təsirləri barədə məlumat verilib, koronavirusla mübarizədə qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.