Dövlət komitəsi beynəlxalq təşkilatla Ermənistanla bağlı MÜRACİƏT ETDİ
    • 4-04-2021, 18:58
    • 489

Dövlət komitəsi beynəlxalq təşkilatla Ermənistanla bağlı MÜRACİƏT ETDİ

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində İctimai Şura Ermənistanın minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsini pisləyən bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanatda Ermənistanın 1990-1994-cü illərdə Azərbaycanın Qarabağ iqtisadi zonasının dağlıq hissəsini və onun ətrafındakı 7 inzibati ərazini işğal etdiyi, 800 minədək azərbaycanlını və erməni olmayan digər xalqların nümayəndələrini həmin ərazilərdən deportasiyaya məruz qoyduğu, mülki əhaliyə qarşı soyqırımı, insanlıq əleyhinə və müharibə cinayətlər törətdiyi bildirilib. Bəyanatda həmçinin deyilir: “Ermənistan 30 ilə yaxın müddətdə işğal edilmiş ərazilərin bu dövlətin silahlı birləşmələri tərəfindən dərhal boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə etinasızlıq göstərmiş, bu sənədlərin tələblərini yerinə yetirməmişdir.
Ermənistan silahlı birləşmələri və işğal altındakı ərazilərdə yaradılmış qondarma rejim 30 ilə yaxın işğalda saxladığı torpaqlarda müharibə cinayətlərini davam etdirmiş, Azərbaycan xalqına məxsus bütün mədəni, dini, tarixi və hətta coğrafi abidələr tamamilə məhv edilmişdir. Həmin ərazilərdəki 80-dən çox məscid və kilsə dağıdılmış, məscidlərdə donuz və mal-qara saxlanılmışdır. Təmas xəttinə yaxın ərazilərdə yaşayan Azərbaycan əhalisi su mənbələrindən məhrum edilmiş, meşələr qırılmış, təbii sərvətlər talan olunmuşdur. İşğal altında olan ərazilərdəki bütün şəhər, kənd və qəsəbələr və infrastruktur tam dağıdılmış, sökülərək daşınmışdır.
Ermənistan işğalçı qüvvələrinin törətdiyi ən böyük müharibə cinayətlərindən biri də işğal altındakı ərazilərdə piyada və tank əleyhinə minaların yerləşdirilməsidir. Otuz ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə istifadə edilməyən bütün sahələr minalanmışdır.
Ermənistanın növbəti silahlı təxribatına cavab olaraq başlanmış və Azərbaycanın Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra işğalın dəhşətləri daha qabarıq şəkildə üzə çıxmaqdadır. Hazırda 10 min kvadratkilometrdən artıq ərazidə ciddi mina təhlükəsi var. Noyabrın 10-dan keçən dövr ərazində ərazilərdə 100 nəfərədək insan minanın qurbanı olmuş, onlardan 20 nəfərdən çoxu mina partlaması nəticəsində həyatlarını itirmişdir. Həlak olanların və zərər çəkənlərin əksəriyyəti mülki insanlar, o cümlədən qadın və uşaqlardır.
Hazırda Azərbaycan dövləti ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini həyata keçirir. Bununla belə, Ermənistan Respublikası beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozmaqla minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən qətiyyətlə imtina edir və bununla həm də 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın şərtlərini pozur. Ottava Konvensiyası da daxil olmaqla, bütün beynəlxalq normalara etinasızlıq göstərən Ermənistan beləliklə, Azərbaycana qarşı müharibəni minalar vasitəsilə davam etdirməkdədir. Üçtərəfli razılaşma əsasında erməni silahlı birləşmələrinə əraziləri tərk etmək üçün verilən vaxt və əlavə müddətdə Ermənistan tərk edəcəyi ərazilərə xüsusi texniki vasitələrdən istifadə etməklə on minlərlə yeni mina basdırmış, daha sonra böyük yanğın və dağıntılar törədərək əraziləri tərk etmişdir.
Biz - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən İctimai Şuranın üzvləri və ixtisaslaşmış QHT rəhbərləri 4 aprel - Beynəlxalq Mina Təhlükəsizliyi Günü dünya ictimaiyyətinə, beynəlxalq insan hüquqlarını müdafiə edən təşkilatlara müraciət edərək, Ermənistanın qeyri-humanist və beynəlxalq humanitar hüququn prinsiplərini pozan hərəkətini -minalanmış sahələrin xəritəsini Azərbaycan tərəfinə təqdim etməməsini pisləməyə çağırır, Ermənistanın bu hərəkətini insanlıq əleyhinə növbəti cinayət kimi qiymətləndirməyə səsləyirik”.

Bəyanat aprelin 4-də AQUPDK nəzdində İctimai Şura tərəfindən qəbul olunub.