Ceyhun Bayramov İsrail mətbuatına Qarabağla bağlı ƏSAS PRİORİTETLƏRİ AÇIQLADI
    • 5-04-2021, 14:20
    • 512

Ceyhun Bayramov İsrail mətbuatına Qarabağla bağlı ƏSAS PRİORİTETLƏRİ AÇIQLADI

"Torpaq bütövlüyümüzü bərpa etdikdən sonra müharibədən sonrakı dövrə qədəm qoyduq. İndi əsas prioritetlər azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır".

News24.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "İsrael Hayom"a veridiyi müsahibəsində deyib. Nazir bildirib ki, Azərbaycan dost ölkələrin və tərəfdaşların Qarabağın reabilitasiya prosesində iştirakını məmnuniyyətlə qarşılayır: "Əlbətdə ki, İsrail şirkətləri də qoşula bilər. İş yükü çoxdur. Bura minaların təmizlənməsi, infrastrukturun qurulması, ağıllı şəhər və kəndlərin yaradılması daxildir". 

Qarabağdakı infrastrukturun hazırkı vəziyyəti ilə bağlı sualı cavablandıran C.Bayramov yüzlərlə şəhər və kəndi özündə birləşdirən Azərbaycanın azad edilmiş ərazilərindəki dağıntı dərəcəsini təsvir etməyin çətin olduğunu bildirib: "Demək olar ki, bütün mədəniyyət abidələri və dini yerlər, xəstəxanalar, məktəblər və yaşayış binaları talan və yerlə yeksan edilib. On minlərlə azərbaycanılının yaşadığı yerlər ruh şəhəri olub. Bir çox hallarda üzərində bayraq qaldırmaq üçün bir dənə də olsun bina qalmayıb. Bütün azad edilmiş ərazilər minalar və partlamamış hərbi sursatlarla ağır şəkildə çirklənib. Ətraf mühitə də böyük ziyan dəyib. İyirmi faizə qədər meşələr qəsdən məhv edilib. Onilliklər boyu işğal zamanı Ermənistan yüz minlərlə azərbaycanlı məcburi köçkünün əsl evlərinə qayıtmasının qarşısını almaq üçün hər şeyi edib. Ancaq biz bu əraziləri yenidən qurmaq və bərpa etmək üçün qərarlıyıq. Dinc həyat azad edilmiş ərazilərə tam şəkildə qaytarılacaq".