Rusiya Şuşada hərbi şəhərcik salır? - AÇIQLAMA
    • 5-04-2021, 17:52
    • 678

Rusiya Şuşada hərbi şəhərcik salır? - AÇIQLAMA

Rusiya Müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov ötən günlərdə Xankəndidə sülhməramlılar üçün inşa edilmiş 250 nəfərlik blok-modul şəhərciyinin açılışında iştirak edib. Rusiyalı nazir şəhərciklərin sayının 25-ə çatdırılacağını və hətta birinin Şuşada salınacağını deyib. Lakin heç kimə sirr deyil ki, Şuşa şəhəri rus sülhməramlılarının deyil, Azərbaycan ordusunun nəzarətindədir. 

Məsələni aydınlaşdırmaq üçün politoloq Şahin Cəfərlinin fikirlərini öyrəndik. 



O, News24.az-a açıqlamasında bildirib ki, söhbət Şuşanın mərkəzindən getmir: “Şuşanın ətrafındakı kəndlərin bir hissəsi bizim nəzarətimizdə deyil. Buraya Şuşikənd deyilən ərazi və eləcə də, Şuşadan Laçın istiqamətinə olan kəndləri qeyd edə bilərik. Belə anladım ki, Şuşa deyiləndə həmin ərazilər nəzərdə tutulub. Bizim ordunun nəzarətindəki torpaqda onların şəhərcik yaratması absurd olar”.  Politoloqun fikrincə, onlar Laçın dəhlizinin təhlükəsizliyinə önəm verirlər: “Laçın istiqamətindəki kəndlərdə həmin şəhərcikləri quracaqlar ki, oraya yerləşsinlər. Anlaşılan odur ki, Laçın dəhlizini bizə qaytarmaq fikirləri yoxdur. Artıq məlum olur ki, Rusiya Qarabağa qısa müddətə gəlməyib. Rusiyanın bütün davranışları və yeritdiyi siyasət bu fikiri deməyə əsas verir”.  Şahin Cəfərli Rusiyanın Ermənistandakı hərbi mövcudiyyəti barədə öz ehtimalını da irəli sürüb: “Paşinyan və ya onunla eyni zehniyyətdə olan qərbyönlü qüvvə hakimiyyətdə olarsa, əvvəl-axır Rusiyanın Ermənistandakı hərbi mövcudiyyəti məsələsi gündəmə gələcək. Bunun bir və ya beş il sonra olacağını deyə bilmərəm. Amma gələcəkdə bu məsələnin gündəmə gəlməsi və Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması ehtimalı var. Bir müddət əvvəl Rusiya hərbi bazalarının qarşısında etiraz aksiyası olmuşdu. Yəni Ermənistan ictimai rəyində bu fikrin tərəfdarları var. Sonuncu Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ermənilərdə bu düşüncə daha da alovlanıb. Onlar düşünürlər ki, Rusiya bizə indi kömək etmirsə, daha nə vaxt edəcək?! Rusiya da bu düşüncəni bilir və buna görə də Qarabağda möhkəmlənir”.  

Siyasət şöbəsi