YAP Gənclər Birliyinin təşkilatçılığı ilə təqdimat keçirildi - FOTO - VİDEO
    • 8-04-2021, 16:35
    • 457

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə təqdimat keçirildi - FOTO - VİDEO

Aprelin 8-də Yeni Azərbaycan Partiyası  “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” movzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib.

News24.az xəbər verir ki, tədbiri giriş söz ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs edib. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib ki, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də ötən dövrdə inkişaf edərək sıralarını genişləndirib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizi beynəlxalq müstəvidə uğurla təmsil edir: “Bilirsiniz ki, ötən dövr ərzində xarici siyasətimizin əsasını Dağlıq Qarabağ probleminin həlli təşkil edirdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olundu. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan gəncləri də beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində səmərəli fəaliyyət göstərib. Bu baxımdan, YAP Gənclər Birliyinin üzvlərinin fəaliyyəti də təqdirəlayiqdir”.

Millət vəkili söyləyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər.

R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən dövr ərzində beynəlxalq əlaqələrindən danışıb, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim edib. Bildirilib ki, YAP Gənclər Birliyi İCAPP Gənclər Qolunun təsis olunmasında fəal iştirak edib və hazırda YAP-ın nümayəndəsi təşkilatın həmsədrlərindən biridir. Eləcə də, YAP Gənclər Birliyi Avropanın nüfuzlu DEMYC gənclər təşkilatının tam hüquqlu üzvüdür. Bundan əlavə, YAP Gənclər Birliyi bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edib. Millət vəkili, fəal beynəlxalq əlaqələrin Azərbaycanın dünyada tanıdılması işində vacib rolunu vurğulayıb.

R.Məmmədov əmin olduğunu bildirib ki, YAP Gənclər Birliyinin yeni heyəti də  ölkəmizi və partiyamızı  beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.

Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandırıb, görüş diskussiya şəraitində davam edib.