Niyə xərçəng xəstələrimiz İrana üz tutur?
    • 26-10-2018, 16:45
    • 1 126

Niyə xərçəng xəstələrimiz İrana üz tutur?

"Xərçəng xəstəliyinə tutulan soydaşlarımızın müalicə üçün əsasən İrana üz tutmaları sırf psixoloji amillə bağlıdır”. Bu sözləri Azərbaycandan xərçəng xəstəliyinə düçar olan insanların müalicə üçün ölkə daxilində deyil, daha çox İrana getməyə üstünlük verməsinin səbəblərinə toxunarkən kardioloq həkim Rasif Bağırov deyib: 
"Deməzdim ki, İrana Azərbaycandan gedən xəstələr əsasən xərçəng xəstəliyinə tutulan insanlardır. Sadəcə burada bir psixoloji amil var. Xərçəng xəstələri adətən Azərbaycanda Onkoloji Mərkəzə gedir. Burada ona baxıb diaqnoz qoyurlar. Adətən xəstənin real vəziyyətini də ona deyil, yaxınlarına bildirirlər. Xərçəng xəstəsi isə vəziyyətin getdikcə pisləşdiyini, yaxşılığa doğru irəliləyişin müşahidə olunmadığını hiss etdikcə anlayır ki, ağır xəstəliyə düçar olub. Bu fonda əlacı kəsilən xəstə özü də yaxşı bilir ki, İrana getsə də, heç bir əlac olmayacaq. Sadəcə psixoloji baxımdan, son ümid yeri olaraq İrana üz tutmağı qərara alır. Elə olub ki, xəstəliyin 4-cü dərəcəsində olan xəstələr yanımıza gəlib, onlara məsləhətlər vermişik. Bu fonda da onlar son ümid yeri olaraq İrana getmək niyyətlərini bildirirlər. Xərçəng xəstəliyinə tutulan insanlarımızın demək olar ki, 90 faizi İrana müalicəyə məhz bu prinsipi əsas tutmaqla gedir. Yalnız 10 faiz xərçəng xəstəsi İranda kimyəvi terapiyanın Azərbaycana nisbətən ucuz olmasını əsas gətirməklə qonşu ölkəyə üz tutur. İranda isə bu ucuzluq ölkənin blokada şəraitində, sanksiyalarla yaşamasından qaynaqlanır. Yəni İranda vəziyyət çətindir.
 
Bir ara İranda qiymətlər bahalaşmışdı və nəticədə ölkəmizdən ora üz tutan xəstələrin sayında əhəmiyyətli azalma baş vermişdi. Amma sırf xərçəng xəstələrinin İrana üz tutmasında əsas amil orada tibb elminin Azərbaycanla müqayisədə hər hansı bir üstün cəhətlərə malik olması ilə bağlı deyil. Sadəcə xəstə son ümid yeri kimi, psixoloji baxımdan İrana üz tutmağı qərara alır. Bu da ondan irəli gəlir ki, Azərbaycandan olan onkoloji xəstələrin əksəriyyətinin əli ancaq İrana çatır. İmkan olsaydı bu xəstələr İrana deyil, İsrailə üz tutardılar. Amma bu halda da ona heç bir xeyri olmayacaqdı”.
 
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin 9 ayı ərzində Azərbaycandan İrana 1 milyon 68 min nəfər səfər edib ki, bu da ötən ilin müvafik dövrünün göstəricisindən 53 faiz çoxdur. Bir çox ekspertlərin qənaətincə, Azərbaycan vətəndaşlarının İrana səfərləri əsasən səhiyyə ilə bağlıdır. Araşdırmalardan o da məlum olub ki, Azərbaycandan əsasən xərçəng xəstəliyinə tutulanlar müalicə üçün məhz İrana üz tuturlar.
 
//Sfera.az