Bərdədə yol polisi reyd keçirdi
    • 12-04-2021, 13:00
    • 732

Bərdədə yol polisi reyd keçirdi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində reyd keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb.

Qayda pozuntusuna yol verən həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb. Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.