Afrikanın ən yüksək zirvəsində bayrağımızı dalğalandıran oğlan- Hobbi
    • 27-10-2018, 13:00
    • 1 065

Afrikanın ən yüksək zirvəsində bayrağımızı dalğalandıran oğlan- Hobbi

Orxan Nuri: “Çətinliyə dözməyi sevirsən, bu da adama həzz almağa imkan verir” 

"Növbəti skautinq fəaliyyətimi başa vurdum. 15 oktyabr 2018-ci il, saat 07:05-də Azərbaycan Respublikası və Azərbaycan Skautlar Assosiasiyasının bayraqlarını Afrika qitəsinin ən yüksək zirvəsi Uhuruda dalğalandırdım”. Bu sözlər onun bir neçə gün öncə sosial şəbəkədəki paylaşımıdır. İqtisad Universitetinin maliyyə fakültəsini bitirib, birinci kursdan işləməyə başlayıb, amma bununla yanaşı, skaut kimi fəaliyyət də onun maraq dairəsində olub və alpinizm onun bu fəaliyyətinin bir parçasıdır. Müsahibimiz gənc skaut Orxan Nuridir.
- Afrikanın ən yüksək zirvəsinə çıxıbsınız. Bundan əvvəl də deyəsən, Avropanın ən yüksək zirvəsini fəth edibsiniz...
- Bəli, bu, ikinci idi. Növbəti hədəf Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquadır. Amma onun maliyyəsi çoxdur, ona görə, arada fasilə olacaq. Elə son səfərə hazırlaşmaq da asan olmadı. Maliyyə nöqteyi-nəzərindən yanaşsaq, bir hobbiyə xeyli pul xərcləmək çox adama məntiqli gəlmir. Çünki bir səfərə getmək üçün heç də az maliyyə tələb olunmur. O pulu Azərbaycanda çalışmaqla qısa müddətdə toplamaq da çətin idi. Həm dağlarda özümü inkişaf etdirmək, həm də lazım olan maliyyəni daha tez toplamaq üçün Amerikaya getdim. Daha əvvəl Amerikada olduğuma görə, mənə asanlıqla viza verdilər. Orda texniki dırmanma ilə bağlı iki təlim götürdüm. Amma sırf professional təlim deyil. Beynəlxalq professional dırmanma sertifikatı almaq üçün hazırlıq prosesi idi. Bu, amerikalılar üçün ucuz idi, mən gedib orda Amerikada "American Alpine Club”a üzv oldum. Keçən ilin dekabrında getdim. Eyni zamanda orda işləyib pul yığdım. O maliyyə hesabına xəyalımı gerçəkləşdirə bildim.
- Bu, xəyalınız idi?
- Bəli, yüz faiz. Amma mənim qurduğum xəyal tam olaraq daha böyükdür. Hər qitədəki ən yüksək zirvələrə çıxmaq istəyirəm. Azərbaycanda bunu yalnız bir nəfər - İsrafil Aşurlu edə bilib. Hansı ki Azərbaycanın bayrağını Everestdə dalğalandıran yeganə şəxsdir. Onun yolunu gedirəm, amma tezliklə onun nəticəsini əldə edəcəyimi deyə bilmərəm. 35 yaşa proqnozlaşdırıram.
- Çox gec də sayılmaz...
- Bəli, çox gec deyil. İ.Aşurlu 35-40 yaşlarında bunu edib.
- "Xəyallarınız gec-tez gerçəkləşir” - deyə paylaşımınızda bir cümlə diqqətimi çəkdi. İstədiyiniz hər şey olub?
- Bəli, istədiyim hər şey gec-tez olub. Bircə, o paylaşımın sonunda qeyd etdiyim evlənmək qalıb (gülür).
- Bu cür ekstremal istiqamətdə hobbilərə maraq, adətən 25 yaşdan sonra yaranır. Sizdə necə olub?
- Bəli, elədir. Bizdə adətən, tələbə vaxtı, ya da universitetdən sonra boş vaxtlarında gənclər turlar vasitəsilə təbiətə çıxırlar, Azərbaycanın yüksəkliklərində vaxt keçirirlər, bununla da təbiətə aşiq olurlar və dağçılığa gedən bir yola yönəlirlər. Yerli dağçıların əksəriyyətinin təcrübəsi belədir. Məndə isə tamam başqadır. 2005-ci ildə belə, mənim e-mail adresim [email protected] idi. Hardasa 7-ci sinifdə oxuyurdum. Uşaqlıqdan gəlib. Uşaq vaxtı özümə alpinist deyirdim. Peşəkar şəkildə isə 2015-ci ildən başlamışam, 25 yaşa təsadüf edib.
- 7-ci sinifdə bu sahə ilə necə tanış olmuşdunuz?
- Əslində, sırf tanış olduğumu demək olmaz. İnternet bizə yeni-yeni gəlirdi, evə ilk kompüteri alanda internetdə Norveçin ağ dağlarına baxırdıq. Balacalıqdan  o dağlar gözümdə heyrətamiz görünürdü.
- Evdə kiminsə dağlara sevgisi, bu sahəyə marağı var idi?
- Nəinki evdə, heç nəsildə belə biri yox idi.
- Onda bu sahəyə yönələndə sizə irad tutmamış olmazlar...
- Təbii ki ailəm buna qarşı çıxırdı. Universiteti bitirəndən sonra Azərbaycan Hava və Ekstremal İdman növləri Federasiyası ilə tanış oldum. Federasiyanın nəzdində dağçılıq məktəbi var, 2015-ci ildə ora qoşuldum. Bir il oxudum, sonra bir il də oxuyub texniki dırmanma idman növləri üçün hakimlik dərəcəsi də aldım. İndiyə qədər bir çox yarışlarda iştirak etmişəm.
- Alpinistlərdən "dağı sevmək” fikrini çox tez-tez eşidirik. Maraqlıdır, dağın nəyini sevirsiniz? Sevginin səbəbkarı nədir?
- Dağçılıq bir sevdadır, bunu ancaq onu sevənlər dərk edə bilər, başqaları yox. Tənbəl, öz üzərində işləməyi sevməyən insanlar dağdan heç cür həzz ala bilmirlər. Çünki dağ əziyyətdir, gün, yandırır, küləkdən gözünüzü aça bilmirsiniz. İrəliləmək elə də asan olmur, eyni zamanda üstünüzdə heç də az olmayan yük daşıyırsınız. Çantanın ağırlığı ortalama 20 kiloqram olur. Amma diki qalxdıqda, 5 km-dən sonra yorulursan və o ağırlıq adama 70-80 kq kimi gəlir. Bu da psixoloji olaraq insan üçün heç də asan deyil. Hər insan bunu sevə bilmir. Bu sevgiyə xüsusi səbəb də görmürəm, sən çətinliyə dözməyi sevirsən, bu da adama həzz almağa imkan verir.
- Ötən il Tufandağda həlak olan alpinistlərdən Fəridə Cəbrayılzadə sizin dostunuz idi. Ondan sonra sanki xanımların bu sahəyə yönəlməsi ilə bağlı bir qorxu var.
- Fəridəgilin başına gələnlərdən sonra bu sahədə qızlar çox azalıb, hələ azalacaq da. Çünki ailələr basqı edəcək. Nəinki ailə, artıq dostlar da basqı edirlər. Hətta təkcə qızlara deyil, elə oğlanlara da. Çünki dağ başdan-ayağa təhlükədir. Qar olmasa belə, daş, qaya üstünə gələ, gün vura bilər. Nəzərə alanda ki, dağ sivilizasiyadan kənar yerdədir, başına nə isə gələndə xilas olma ehtimalın çox az olur.
- Bu sizi qorxutmur?
- Yox, qətiyyən. Hətta solo dırmanmalar mənə maraqlı gəlir. Bircə dəfə solo dırmanma etmişəm, amma qismət olduqca istəyərəm ki, yenə də edim. Lakin bu, daha çox hazırlıq tələb edir, psixoloji olaraq da hazır olmalısan. Çünki dağa tək çıxırsan.
- Psixoloji hazırlıq məsələsini xüsusi vurğulayırsınız...
- Yüz insanı dağın ətəyinə düzüb desəniz ki, yuxarı qalxın. Yorulmağı fikirləşməsələr, hər bir şeylə təmin etsəniz belə, böyük hissəsi qalxmaq istəməyəcək. Çünki psixoloji olaraq hazır deyillər. Hətta elələri olur ki, dağa çıxırlar, 20 metr sonra zirvənin görünəcəyi yerə gəlib çıxırlar, lakin geri qayıdırlar. Zirvəyə 20 metr qalmış geri qayıdanlar çox olur. Bələdçilik fəaliyyətim dövrümdə belə halla çox rastlaşmışam. 20 nəfərdən 19-u ağlayıb ki, geri qayıdaq.
- Xanımlar, ya bəylər?
- Fərqi yoxdur, ən güclü oğlan belə ağlayıb. Bu, normaldır.
- O qədər yolu çıxıblarsa, bir neçə metr getməklərinə mane olan nədir?
- Çünki əzm yoxdur. Psixoloji olaraq dözümlü deyillər. Deyirlər ki, mənə lazım deyil, o zirvəyə çatanda nə olacaq ki?
- Heç zirvəyə az qalmış geri qayıtdığınız olub?
- Yox, olmayıb. Amma bununla fəxr etmirəm, bu pisdir. Ümumiyyətlə isə belə bir deyim var ki, gərək dağ icazə versin ki sən ona çıxasan. Hava şəraiti pis olarsa, geri qayıda bilərəm. Bundan peşman da olmaram. "Bazardüzü”nə qalxmağa getmişdik, hava pis oldu, tur təxirə düşdü. Dağa qalxmamışdıq.
- Dağa gedən adamlar dağ yoldaşlığından ağızdolusu danışırlar...
- Dağa tək getmək çətindir, çünki böyük məsuliyyət tələb edir. Ona görə, qrupla gedilir. Qrupda minimum iki, maksimum on nəfər olur. Yüksək zirvələr üçün ekspedisiya təşkil olunursa, on nəfər belə çoxdur, beş nəfər bəs edir. Deyirlər ki, dostu yolda tanıyarlar. Böyük əziyyət dolu bir yola çıxmaqdan söhbət gedir. Adi yol deyil ki, yorulanda dayanıb gedəsən. Burda çox nüanslar var. Adi yemək məsələsini deyim. Əgər çox yemək yeyənsənsə, normadan bir az artıq yeyəndə, o biri dostunun payına keçmiş olursan. Hər şeyi bərabər paylamaq, balansı qorumaq lazımdır. Ona görə, dağçılar öz yoldaşlarını xüsusi seçirlər. Bu, əvvəldən müzakirə olunur ki, filan adamla yola çıxmaq olar, yoxsa yox. Yaxşı tanımadığın adamla dağa çıxa bilməzsən.
- Bunun təhlükəli tərəfləri nələrdir?
- Dağa yaxşı bələd olmadığın adamla getmək məsləhət deyil. Fəridə Cəbrayılzadənin təcrübəsini deyə bilərəm. Biz onunla dost idik, səfərə gedəcəyi adamlarla bağlı həmişə fikrimi öyrənirdi. Axırıncı dəfə gedəndə, Amerikada idim, məndən soruşanda həmin oğlanları tanımadığımı dedim, ondan da onları nə dərəcədə tanıdığını soruşdum. Çox da yaxşı tanımadığını, amma inkişaf etmək üçün dağa getməyə məcbur olduğunu dedi. Mən də dedim ki, yaxşı tanımadığın adamla dağa gedə bilməzsən.
Qrup səfərlərində daha təcrübəlilərlə yanaşı, təcrübəsizlər olanda hava şəraitinə görə qərar vermək təcrübəlinin üstünə düşür. Belə məqamda təcrübəli şəxs doğru qərar verməyəndə, nəticə yaxşı olmaya bilər. 

- Dostlarınız çoxdur, paylaşımlardan görünür ki, bu səfərdən gəlməyinizi gözləyənləri çox idi. Qayıdanda onlara əsasən nələrdən danışırsınız?
- Hər yürüşün özü bir macəradır. Elə onlara danışdığımı sizə də danışa bilərəm. Zirvə yürüşləri əsasən 3, qitə zirvə yürüşləri 5-8 gün çəkir. Bu müddətdə əməlli-başlı macəra yaşayırsan. Sonuncu qitə yürüşündə 3 gün "Main camp”a qədər yol getdik, dəniz səviyyəsindən 2000-2200 metr səviyyəyə maşın qaldırır. Orda qoruğun qapısında düşüb ödənişləri edib qalxdıq. Birinci gün 2700 metr qalxdıq, sonra yatıb səhər durub yenə yola çıxdıq. Bu dəfə növbəti gün hədəf 3700 metr hündürlük oldu. Sonrakı gün  4700-ə qalxdıq. Axşam 6-dan gecə 12-yə qədər normal istirahət etdik, 3 saat yatdıq. Gecə 12-də yola çıxıb, bütün gecəni yol getdik. Səhər 6-da 5800 metr hündürlükdə idik. Saat 7-də artıq 5895 metrlik zirvəyə qalxmışdım.
- Skaut fəaliyyətiniz də var, bundan heç danışmadıq.
- Əslində, alpinizm mənim skaut kimi fəaliyyətimin bir parçasıdır. Bütün yürüşlərimi skaut fəaliyyəti kimi həyata keçirirəm. Yürüşlərdə skautinq adət-ənənələrini həyata keçirirəm. Məsələn, skaut qalstuku taxıram, ölkəmizlə yanaşı, Assosiasiyanın bayrağını da zirvədə dalğalandırıram. Bütün skautinq qayda-qanunlarına riayət edirəm.

//kaspi.az