Səfir: “Fransa Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb”
    • 16-04-2021, 18:40
    • 559

Səfir: “Fransa Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb”

Bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Fransa səfiri Zakari Qrossla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən məlumata görə, komitə sədri Azərbaycanın Fransa ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib.

Hələ 1918-ci ildə Azərbaycanın Şərqdə qadınlara ilk seçki hüququ verən ölkələr sırasında olduğunu qeyd edən Hicran Hüseynova bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı mövcud olan təkmil qanunvericilik bazasından söhbət açıb. Qadın hüquqlarının, qadın iştirakçılığının dövlət siyasətinin prioritet istiqamətləri olduğunu deyən komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqət yetirdiklərini vurğulayıb.

Hicran Hüseynova Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfər nəticəsində Ermənistanın işğalına məruz qalan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etməsindən söhbət açıb.

Fransa səfiri Zakari Qross ölkəsinin Azərbaycanla əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu deyib. O, Fransanın Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıdığını, müharibənin başa çatmasından, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq imkanı qazanmasından məmnunluğunu ifadə edib. Fransa-Azərbaycan əlaqələrində müsbət ənənələrin olduğunu vurğulayan fransalı diplomat ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə inamını bildirib.

Görüşdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığı ilə mübarizə, qadınların səhiyyədə iştirakı kimi istiqamətlərdə birgə əməkdaşlıq platformaları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.