Xarici dil öyrənmək DƏRDİ: Qrammatikaya fikir verməyin, söz əzbərləməyin!
    • 27-10-2018, 16:30
    • 1 386

Xarici dil öyrənmək DƏRDİ: Qrammatikaya fikir verməyin, söz əzbərləməyin!

Bu gün demək olar, hər kəs xarici dil öyrənməyə can atır. Bəziləri karyerada inkişaf, bəziləri səyahətlər, bəziləri daha çox mədəniyyətlərlə tanış olmaq, turistlərlə ünsiyyət yaratmaq, kimiləri də dünya ədəbiyyatını orijinal dildən oxumaq üçün və s. xarici dilləri öyrənirlər. Bəs xarici dili öyrənməyə harada və necə başlamaq lazımdır?
 
Dünyanın hər yerində dil tədrisi ilə məşğul olan saysız-hesabsız mərkəzlər, kurslar fəaliyyət göstərir. Amma son vaxtlar əksəriyyət kurslara üz tutmaq əvəzinə, elektron resurslardan, internetin yaratdığı imkanlardan istifadə edərək fərdi şəkildə dil öyrənməyi məqsədəuyğun hesab edir. Ona görə, xarici dil hazırlığı ilə məşğul olan kurslar dünyada tətbiq edilən fərqli dil öyrənmə metodlarını öyrənərək, tələbələrinə tətbiq edirlər.
 
Bununla belə, bir çoxları aylarla, illərlə, kurslara gedir, amma danışmaqla bağlı problemlər yaşayır. Onlar kompleksə düşür, danışıqda səhv edəcəklərindən qorxurlar. Halbuki bir insan öz doğma dilində danışarkən də səhvlər edir. Yəni, insanların səhv etmək qorxuları onların danışığına maneə törədir.
 
Xarici dil öyrənməyin ən asan yolları haqqında mütəxəssislərin rəyini öyrəndik.
 
Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov hesab edir ki, xarici dil öyrənilməsi istiqamətində ilk olaraq məqsədi dəqiq müəyyənləşdirmək lazımdır:
 
“Günümüzdə əsas qlobal dil kimi ingilis dili götürülür. Amma son illər turizmlə əlaqədar olaraq, ərəb dili də gündəmdədir.
 
Bir dili akademik səviyyədə öyrənmək üçün müvafiq sertifikatları əldə etmək lazımdır. Avropa ölkələrində İELTS, Amerikada isə TOEFL sertifikatları aktualdır. Tələbələr isə kursları seçərkən onların göstəricilərinə, nailiyyətlərinə diqqət etməlidirlər. Müxtəlif xarici şirkətlərlə çalışmaq məqsədilə İELTS və TOEFL sertifikatı almaq istəyən şəxslər kurs seçimində diqqətli olmalıdırlar.
 
Xarici dilin öyrənilməsi ilə bağlı dünya praktikasında bir neçə metod diqqət mərkəzindədir. Əvvəllər Azərbaycanda xarici dilin öyrənilməsi daha çox qrammatik metodlara əsaslanırdı.
Müasir dil kitablarında isə üç bacarığın hər biri  - oxuyub anlama, danışma, dinləyib, yazmaq kimi metodlar inkişaf edilir.

Dil öyrədənlər əksərən söz əzbərlətdirir, qrammatika öyrədirlər. Ona görə, illərlə orta məktəbdə ingilis, fransız, rus dilini keçən şəxslər bu dillərdə danışa bilmirlər.
 
Bəzi ölkələrdə, hətta Pakistan, Hindistan kimi dövlətlərdə orta təhsilini tamamlayan şəxslər yüksək səviyyədə ingilis dilində danışır. Bunun sadə bir səbəbi var – şagirdlərə əvvəl danışmağı, anlamağı, oxuyub-yazmağı, daha sonra qrammatikanı öyrədirlər. Bu səbəbdən, müvafiq sertifikatları almaq üçün bu bacarıqların hər biri üzrə imtahan keçirilir”.
E. Süleymanov deyib ki, bir neçə dil bilən insanlar çox zaman bu dilləri mükəmməl səviyyədə danışmır:
 
“Çünki hərə fərqli məqsədlər üçün xarici dil öyrənir, çoxları öyrəndiyi dili məhdud dairədə istifadə edir. Məsələn, turistlərlə ünsiyyət qurmaq istəyən şəxs sadə ifadələri, cümlələri öyrənib, işini qura bilər.
 
Hazırda dil öyrənmək üçün resurslar kifayət qədər çoxdur. Xarici ölkələrdə fəaliyyət göstərən kursların materialları, ayrı-ayrı şəxslərin metodları bütün dünyada yayılır. Kimsə xarici dili öyrənməkdə iddialıdırsa, hər gün mütəmadi məşğul ola bilirsə, 6 ay, maksimum bir il müddətində istənilən dili öyrənmək olar. Lakin qeyd etdiyim kimi hər gün mütləq məşğul olmaq lazımdır. Kursların müsbət cəhəti odur ki, konktret vaxtları müəyyən edir, tələbəni cəlb edirlər. Amma İELTS, TOEFL sertifikatları üçün hazırlığa getmək vacib olur. Bu, normaldır. Biz özümüz Azərbaycan dilini yaxşı bilsək də, imtahana hazırlaşanda mütləq hazırlığa gedirik. Çünki biliklərimizi sistemləşdirmək vacib olur”.
 
Poliqlot Emin Quliyev düşünür ki, insanların kursa gedərək, yaxud kursa getmədən mütləq xarici dil öyrənəcəyini demək çətindir. Çünki kursdan-kursa, insandan-insana fərq var:
 
“Ola bilər, ən yaxşı kursda çalışan müəllimin insan psixologiyası barədə səriştəsi istənilən səviyyədə deyil. Mən özüm, heç bir müəllim görmədən 20-30 dil öyrənə bilmişəm. Amma kursa gedib, yaxşı səviyyədə xarici dil öyrənmək də mümkündür.
 
Uzun müddət xarici dilləri tətbiq etdikdən sonra özümün universal qrammatikamı yaratmışam. Bu qaydaların dünyada misli yoxdur.
 
Mənim metodum, qrammatikanın praktik formasıdır. Qısa müddətdə istənilən dilin quruluşunu başa salıram ki, bunun əsasında insan lakonik düşünür, cümlələr quranda tərəddüddə olmur.
 
Mənim tətbiq etdiyim metod “20 günə istədiyin dil” metodudur. Beləliklə, xarici dili sıfır səviyyəsində bilən insanlar 20 günə “intermediate” səviyyəsinə çatır. Bu çox ciddi göstəricidir və başqa metodlarla hazırlaşdıqda, adətən, “intermediate”a bir ilə, il yarıma nail olurlar”.
 
Maraqlıdır ki, poliqlot hər hansı xarici dili öyrənərkən ətrafdakılarla bu dildə ünsiyyət qurmağın vacibliyini qəbul etmir:
 
“Əslində dil öyrənməkdə heç bir çətinlik yoxdur. Yanaşma düzgün olarsa, xarici dil öyrənmək asandır. “Xarici dil öyrənərkən mütləq kiminləsə ünsiyyət saxlamaq lazımdır” fikri yanlışdır. Mən ingilis dilini öyrənəndə uzun müddət heç kimlə danışmamışam, amma bu dili ana dilim kimi bilirəm. İnsanlar nəyinsə xatirinə dil öyrənmək istəyirsə, bunu yüksək şəkildə bacarmayacaq. İnsan gördüyü işi sevərək görməli, aludəsi olmalıdır. Dil öyrənmək üçün də onu sevmək vacibdir”.
 
“Aminat Language School”un qurucusu, ingilis dili və İELTS müəllimi Əminət Diqanayeva da xarici dil öyrənilməsinə söz əzbərləmək və qrammatika oxumaqla başlanmasının əleyhinədir. Müəllimin fikrincə, xarici dil öyrənilməsinin başlanğıcı dinləmədən keçir:
 
“Əvvəllər, elə indi də orta təhsil müəssisələrinin çoxunda dil öyrənmək sadəcə sözlərin əzbərlənməsinə və gündəlik kitablarda verilən mətn parçalarının oxunmasına əsaslanır. Elə ona görədir ki, insanların əksəriyyəti 11 il məktəbdə xarici dilin tədris olunmasına rəğmən orta məktəbi bitirən heç kim danışıq və dili anlama vərdişlərinə yiyələnmir. Yəni, insanlar məktəbi bitirdikdə sadəcə elementar səviyyədə oxu bacarıqları ilə bitirirlər.

Biz kursumuzda tədrisi 4 bacarığın formalaşdırılması üzərində qururuq. Dilin öyrənilməsinin başlanğıcının dinləmədən keçdiyinə inanıram. Dinləmə anlamanı və danışığı formalaşdırmağa yardımçı olur. Elə ona görə dinləmə dərsin gedişində, eləcə də ev tapşırıqlarında əsas rol oynayır.
 
Dərsin izahını, dərsin tədrisini müəllimlərimiz sırf xarici dildə apardıqlarına görə tələbədə anlama da formalaşır. Daha sonra isə danışıq prosesinə keçirik. Tələbələrə həftədə üç dəfə kursa zaman ayırmaq kifayət edir. İki dərs həm dinləmə, yazı və oxu bacarıqlarının inkişafı üzərində qurulub. Üçüncü dərs isə sadəcə danışıq üçün təyin olunur. Bundan əlavə həftəsonu ümumi danışıq dərsləri də təşkil olunur ki, tələbələr burada öz dil səviyyələrində olan digər tələbələrlə də ünsiyyət qura bilirlər.
 
Qrammatikanın öyrənilməsi üçün cüzi vaxt ayrılır, lakin tamamilə proqramdan çıxmır. Nəzərə alsaq ki, ana dili ingilis dili olmayan ölkədə yaşayırıq, cümlə quruluşlarının təkmilləşməsi üçün qrammatikadan anlayışın olması da vacibdir”.
 
Tələbələrin xarici dil öyrənilməsində hansı məqamlarda daha çox problem yaşamasına gəlincə, Ə. Diqanayeva hər kəsdə fərqli şikayətlər yarandığını qeyd edib:
 
“Komanda olaraq, ilk əvvəl kompleksləri aradan qaldırmağa çalışırıq. Çünki komplekslər tələbələrin inkişafını və bizim də nəticə görməyimizi əngəlləyə biləcək başlıca amildir. Elə ona görə, hər tələbəyə ayrıca danışıq dərsi də təyin edirik. Şikayətlər daha çox dil öyrənmə prosesi haqqında məlumatı olmayan tələbələrdən olur. Məsələn, tələbə ikinci – “elementary” səviyyədədir. Yerli nitq daşıyıcılarını tam anlamadıqlarından şikayətlənirlər. Hansı səviyyənin hansı tələblərə cavab verməli olduğunu bilsələr, belə şikayət olmaz. Sadəcə səbrli və biraz da araşdırmaçı olmaq lazımdır”.
//modern.az