-
- 27-10-2018, 17:00
- 1 060
"Üzünü görsə, almalıdır" -Facebookda oğlanla yazışan qadınları axirətdə nə gözləyir? - İlahiyyatçı açıqladı
"Əgər, biz məsələyə İslam dini prizmasından yanaşsaq, qızla oğlanın sosial şəbəkədə yazışması haram hesab olunur. Çünki İslam dininə görə onlar naməhrəm sayılır. Dində belədir ki, əgər bir oğlan bir qızı bəyənirsə, onu mütləq görməlidir. Görmək üçün isə gedib qızı valideynlərindən istəməlidir. Əgər üzünü görsə, almalıdır. Şəriətdə şərtlər bu qaydadadır".
Bunu a24.az-a ilahiyyatçı Əkrəm Həsənov sosial şəbəkədə qadın və kişilərin bir-biri ilə yazışmasına münasibət bildirərkən deyib.Qadın və kişi münasibətlərindən danışan ilahiyyatçı bunun haram olmağının səbəblərinə də toxunub. Onun sözlərinə görə, tərəflər arasında sosial şəbəkədə yazışmaq ona görə haram buyurulub ki, tərəflərin təhlükəsizliyi qorunsun:
"Amma bu gün cəmiyyətdə insanlar sosial şəbəkələr vasitəsilə bir-birilərilə yazışırlar, əlaqə saxlayırlar. Evli olsalar belə aralarında normal yazışmalar mövcuddur. Amma təbii ki, bu cür yazışmalar insanları növbəti addımı atmağa aparır. Hər bir kiçik günah ondan sonrakı böyük günaha aparır. İnsan yazışmaqla başlayır günaha və sonradan da növbəti mərhələlər başlayır. İslam dini də bunu haram buyurur ki, bu yazışmaların sonu fəsada qədər gedib çıxmasın. Amma müasir dövrdə insanlar İslamın bu qaydalarına riayət etmirlər. Sonda da ailələr boşanır, dağılır. Ölüm kimi faciələr baş verir".
Ə.Həsənovun fikrincə, İslam dini yalnız elm almaq üçün qadına kişi ilə yazışmağa icazə verir: "Amma sonra növbəti mərhələlərin başlamaması üçün din haram buyurur. Çünki bəzən yazışırlar, yazışırlar, sonda günaha meyillilik yaranır. Hətta gecə saatlarında yatmayıb, sosial media üzərində əlaqə qururlar. Mövzudan kənar söhbətlər başlayır. Ona görə də dinimiz bunun qarşısını almaq üçün belə şeyləri haram hesab edib. Amma bir məsələni də unutmayaq ki, adam yazışa-yazışa tanış olur da. Qədim zamanlarda da cütlüklər məktub vasitəsilə mesajlaşırmış".
İlahiyyatçı zina edənləri gözləyən cəza tədbirlərindən də danışıb: "Bu cür insanların Cənnətə, yaxud Cəhənnəmə getməsi ilə bağlı bir məlumat deyə bilmərəm. Amma belələri cəzalarını həm bu dünyada, həm də axirətdə çəkəcəklər. Buna baxmayaraq, Allah təala bəzi günahları bağışlaya bilir. Bəzən qadınlarda da günahlar çox olur. Qadın kişiyə meyilli olduqdan sonra kişidə qadına qarşı maraq yaranır. Qədim zamanlarda zina edənləri daşqalaq edərək öldürürmüşlər. Amma mən bununla razı deyiləm. Daşqalaq eləmək nəyə lazımdır? İnsandır da, onun da ehtiyyacı olub, bu işi tutub. Ona görə gənclərə tez evlənmələri barədə təkid olunur. Buna baxmayaraq, bəzən ailəli qadın və kişilər də zina edirlər. Birinci, zina edənin şahidi olmalıdır. Şahid də etibarlı biri olmalıdır. Yoxsa, indi kim kimə gəldi şahid olub, günahı yükləyər. Amma konkret olaraq mexanizm yoxdur. Əgər belə olsa, onda gərək Azərbaycanda heç bir insan qalmasın. Çünki insanlar bu gün hamısı gizli günahlarla məşğuldurlar. Amma bizim də öz qanunlarımız var, bu cür hadisələrə görə tərəflər ölkəmizin qanunları ilə cəzalandırılmalıdır".
//a24.az