Sahibkarlara xəbərdarlıq edildi
    • 20-04-2021, 16:45
    • 892

Sahibkarlara xəbərdarlıq edildi

İstehlak bazarında malların dövriyyəsi artdıqca onların keyfiyyəti və satış şərtləri ilə bağlı istehlakçıların müraciətləri də artır.

News24.az
xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu halların qarşısını almaq, istehlakçı hüquqlarını daha etibarlı müdafiə etmək məqsədilə qurumda məişət texnikası və əşyalarının, geyimlərin, mobil telefonların satışını, mebel istehsalını və satışını həyata keçirən müəssisələrin, həmçinin xaricdən sifariş verilən malların çatdırılması ilə məşğul olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.

Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Sahib Məmmədov bildirib ki, aparılan təhlillər ticarət şəbəkələrinin istehlakçı hüquqlarını pozması hallarının daha çox lazımi keyfiyyətdə olmayan və yaxud saxta malların geri qaytarılmaması, malların dəyişmə və qaytarılma qaydalarına əməl edilməməsi, mallara zəmanət müddətinin tətbiq olunmaması, müqavilələrdə istehlakçı hüquqlarının məhdudlaşdırılması ilə bağlı olduğunu göstərir. Mallar barədə düzgün məlumatın verilməməsi, məcburi sertifikatlaşdırılmalı olan mallara aid sertifikatların təqdim edilməməsi də çox rast gəlinən qanun pozuntularıdır. Bundan əlavə, istehlakçıların malların servis mərkəzlərində aparılan ekspertizaların nəticələri ilə bağlı narazılıqları və müraciətləri də artıb.

Görüşdə sahibkarlara qanunvericiliyin tələbləri izah olunub, qeyd olunan halların aradan qaldırılması, istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyyələr verilib.

Şirkət nümayəndələrinin diqqətinə çatdırılıb ki, qanun pozuntuları barədə əsaslı fakt aşkar ediləcəyi halda, qanunvericilik çərçivəsində nəzərdə tutulmuş məsuliyyət tədbirləri görüləcək.