“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək” - ŞƏRH
    • 21-04-2021, 11:43
    • 771

“Zəngəzur dəhlizi türk dünyasını birləşdirəcək” - ŞƏRH

“Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılmasının bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirib. Dövlət başçısı bəyan edib: “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə, daha asan həll edəcəyik, istəməsə, zorla. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa, sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu dəhliz Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı, həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir”.  


Bunu News24.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov deyib.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq: “Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanıт Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.

Siyasət şöbəsi