"Uşağım olmur deyə ağlamıram" - İLHAMƏ QASIMOVA - VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 21-04-2021, 18:22
    • 1 165

"Uşağım olmur deyə ağlamıram" - İLHAMƏ QASIMOVA - VİDEOMÜSAHİBƏ - FOTOLAR

Növbəti qonağımız bir zamanlar dövrün ən məşhur yarışması olan "Yeni ulduz"un qalibi, yolunu gah Almaniyadan, gah da Amerikadan salan müğənni İlhamə Qasımovadır. Sənətçi ilə bir çox məqamlardan danışdıq. "Eurovision", "Yeni ulduz", tələbatlı mahnılar, gənc ifaçılar, sosial şəbəkələr…

Bununla yanaşı, qadın kimi də ürəyini bizə açdı.
 
Daha ətraflı İlhamə Qasımovanın News24.az-a verdiyi müsahibədən biləcəksiniz:

                        

- Həmkarlarınız pandemiyadan istifadə edərək yeni mahnılar yazdırdı. Bəs, sizdə vəziyyət necədir? 

- Bu müddət ərzində cəmi bir mahnım işıq üzü gördü. Pərviz Mahmudovun “Nələr oldu”  mahnısı. Ondan sonra daha iki mahnı yazdırmalıydım, amma tənbəllik elədim, studiyaya getmədim. Karantin başlayan kimi kənddə getdim. Çünki şəhərdə dörd divar arasında tək qala bilməzdim. Bu, mənə psixoloji baxımdan çox pis təsir edərdi. Ona görə də ciddi karantin dövrünü valideynlərimin yanında keçirdim. Bir az vəziyyət düzələn kimi yenidən şəhərə qayıtdım. 10-15 gündən sonra eyni vəziyyət.  Yenə karantin başladı. Yadınıza gəlirsə, bir müddət küçəyə çıxmaq da qadağan olunmuşdu. Bu mənə psixoloji baxımdan çox pis təsir elədi. Həmin dönəmdə mən çox sarsılmışdım, hətta panik atak keçirmişdim. Valideynlərim yanımda olsaydı, bəlkə də bu qədər problem yaşamazdım.  

- Depressiyaya meylli insan təsiri bağışlayırsınız… 

- Belə deməzdim, amma iki ay qabaq çox böyük depressiya keçirdim, dərmanlar qəbul etməyə başladım. Dərmanlardan sonra bir qədər sakitləşdim. Karantindən sonra bu hallar yenidən başladı. Amma sonra özümü ələ alıb dərmanları dayandırdım. Çünki “antidepressant”lar insanda alışqanlıq yaradır. O hala düşməkdən qorxdum. Başımı maraqlı şeylərlə qatmağa çalışdım. Komediya filmlərini izlədim, kitablar oxudum, heyvanlarla vaxt keçirdim. Bütün bunlar məni çox rahatlatdı. Bilirsiniz, bu həyatda tək olsaydım, bəlkə də vəziyyət başqa cür olardı, amma ailəmi də düşünməliyəm.  

- Dediniz, dörd divar arasında tək qala bilməzdim. Deyəsən, təklikdən qorxursuz… 

- Uzun illər tək yaşamışam. Bakıya köçəndən də təkəm. Hətta rayondan qonaqlar, uşaqlar gələndə tez getmələrini istəyirəm. Çünki səs-küylə aram yoxdur. Amma xaricə gedəndən sonra qəribsədim, bu hiss bir az dəyişdi. Təklik məni daha da həssaslaşdırdı. Ümumiyyətlə, mən çox həssas adamam. Ələlxüsus sərt söz, ifadə tərzi məni təsirləndirə bilər. Kimsə mənə əl qaldırsa, bəlkə o mənə elə də təsir etməz, amma bir söz məni yaralayıb ağlada bilər.  
 
- Hər təsirlənəndə göz yaşınıza güc verirsiniz? 

- Əslində, çox ağlayan biri deyiləm. Amma son bir neçə ildə dediyim kimi həssaslaşmışam. Əvvəllər altı ildən bir ağlayırdımsa, indi daha tez-tez göz yaşı tökürəm. Sonuncu dəfə iki ay öncə ağlamışam. Özümdən asılı olmayan səbəbdən depressiyaya düşüb ağladım. Amma sonra da peşman oldum.  


- Sizi həmişə oxşar imicdə, qara geyimlərdə görürük. Dəyişikliyi sevmirsiniz, deyəsən? 
 
Məni açıq rəngli libasda görsəniz, deməli, arıqlamışam. Amma qara geyinmişəmsə, demək çəkimi gizlətməyə çalışıram. Zamanında saçlarımın rəngini, imicimi çox dəyişmişəm, fərqliliklər çox eləmişəm. Hətta bir ara polisdə işləyəndə saçımı gündə bir rəngdə boyayırdım. Sarı, ağ, göy. Yazıq saçlarım, nələr görüb. (gülür) Hər dəfə idarəyə girəndə  məni tanımırdılar, “xanım, hara gəlmisiniz?” deyirdilər. Deyirdim ki, “diqqətlə baxın, görün, kiməm”. Yəni, tanınmaz dərəcədə dəyişirdim. Amma indi bütün bu eksperimentlərdən yorulmuşam. Fikrimcə, mənim mahnılarım fərqli deyilsə, saçımı hansı rəngə boyamağımın heç bir anlamı yoxdur, nəticə dəyişməyəcək. Yaradıcı bir şey yoxdursa, görüntüylə insanları aldatmaq olmaz. İndiki gəncləri görürəm, yalnız zahiri görünüşlə bağlı həvəslidirlər, amma yalnış yolda gedirlər. Bir də görürsən ki, biri rok tərzində geyinib, amma türk “arabesk” janrında mahnı oxuyur. Uyğunluq yoxdur. 

- Uyğunsuzluq olsa da, çox zaman belə mahnılar Azərbaycanda “trend”ə düşür, müzakirə olunur. Orda olan mahnıları izləyirsiniz? 

- Yox. Bir dəfə dedilər ki, bir mahnı var, trenddədir, bəlkə dinləyəsən? Amma ifaçının kim olduğunu belə xatırlamıram, çünki mənə maraqlı deyil. İstəməzdim ki, musiqi mədəniyyətimiz yalnız bu cür mahnılardan ibarət olsun. Əgər, 13-14 yaşlı uşaq belə mahnıya qulaq asırsa, o zaman növbəti 20 il gündəmdə elə bu cür musiqilər olacaq. Çünki, ən çox dinlənilənlər onlardır. 



- Azərbaycanda indi daha çox meyxana janrında musiqilər dəbdədir. Ən çox  Üzeyir, Şəbnəm Tovuzlu, Damla, Aqşın Fateh dinlənilir. Belə bir mahnı və yaxud da bu səpkidə bir duet təklifi alsanız, qəbul edərsiniz? 

- Xeyr. Çünki, tərzim deyil. Trendə görə də bunu etmərəm. Adlarını çəkdiyiniz müğənnilərdən yalnız Üzeyir haqqında danışa bilərəm. Onun mahnılarını dinləməsəm də, insanlığını çox sevirəm. Amma bir çoxları həm o tərəfdən, həm bu tərəfdən kasaddırlar. Mənə onlar maraqlı deyil, dinləmirəm. Onlar da mənim mahnılarıma qulaq asmayıb, bəyənməyə bilərlər.  

- Uzun müddət ABŞ-da yaşadınız. Vətənə qayıdandan sonra yenə də əvvəlki kimi sevilirsiniz? 

- Məncə hə. Düzdür, bəlkə mənim çox böyük auditoriyam yoxdur, amma dinləyicilərim tərəfindən kifayət qədər mesajlar alırdım. Hətta düşünürdülər ki, həmişəlik köçmüşəm. Tez-tez darıxdıqlarını yazırdılar. Bu, mənim üçün çox sevindirici məqam idi.  


- Amerika, Almaniya yoxsa Azərbaycan? Hansında yaşamaq daha ürəyinizcədir? 

- Təbii ki, Azərbaycan. Gəzməyə xarici sevirəm, amma yaşamağa yalnız vətənim. Çünki adət-ənənələrimizə çox bağlıyam. Bilirsiniz, əvvəllər düşünürdüm ki, çox müasirəm, amma sən demə, heç də elə deyilmişəm. Söhbət, bayağı müasirlikdən getmir. Bayağı müasirlikdə hər kəs soyunur və ağlına gələni deyir. Belə şeyləri qətiyyən qəbul etmirəm. Əgər xaricdə yaşayırsansa, nə qədər müasir olsan belə, adət-ənənənin qulusan. Amerikada olanda bəzi xoşagəlməz hadisələrlə rastlaşırdım. Görürsən ki, bir gənc özündən çox böyük insana “sən” deyə müraciət edir, ya da səs tonunu qaldırır. Bu nə dərəcədə doğrudur? Nə qədər də sən haqlı olsan belə, qarşındakı insan səndən böyükdürsə, ona hörmət etməlisən. Amma çox təəssüf ki, Azərbaycana qayıdandan sonra bizdə də belə halların olduğunu gördüm və çox məyus oldum.  

- Bir müddət “Eurovision” mahnı yarışmasının seçim turlarında iştirak etdiniz, amma Avropa səhnəsinə çıxmaq qismət olmadı. Yarışmının tarixçəsinə nəzər salsaq, görə bilərik ki, orda bir çox təmsilçilər məhz “Yeni ulduz”un yetirmələridir. Orda iştirak edə bilməməyiniz sizdə qısqançlıq yaratmadı ki? 

- Yox, heç vaxt, əksinə. Çünki buna o qədər də önəm verməmişəm. Mənim ən böyük arzum xarici kanallarda bizim kliplərimizin nümayış olunması idi və nə xoş ki, xəyalım da gerçək oldu. Üç klipim Avropanın ən tanınmış musiqi kanallarında yayımlandı. O ki, qaldı təmsilçilərimizə, indiyə kimi ən çox Fəridin çıxışını bəyənmişəm. Məncə, ən uğurlusu elə o idi.  


 - Elə söhbət “Yeni ulduz”dan düşmüşkən bir müddət öncə sözügedən yarışmanın qaliblərindən olan Ramazan Ramazanov layihənin təşkilatçılarını vədlərinə əməl etməməkdə ittiham etmişdi. Deyilənlərə görə, yarışmanın sonunda qalibə vəd olunan 10 min manat pul mükafatı verilməyib və PR işləri ilə də məşqul olunmayıb. Siz də sözügedən layihənin qaliblərindənsiniz. Siz  o məbləği ala bildinizmi? 

- Mən pul mükafatımı aldım və iki il “Soy prodakşın”la çalışdım. Başqa qaliblər haqqında məlumatım yoxdur. 

- Səhnəyə ilk çıxdığınız dövrlərdə daha çox xarici mahnılara üstünlük verirdiniz. Azərbaycanca mahnılar sizi qane etmir?  

- Düzdür, daha çox xarici mahnılara üstünlük verirəm, amma Azərbaycan estradasını da hər zaman sevmişəm. Xaricdə də bacardığım qədəri ilə ölkəmizi öz mahnılarımızla təmsil etmişəm. Bizim Avropa musiqiçilərdən nə fərqimiz var? Niyə onlardan geri qalmalıyıq? Əksinə, inkişaf edib, dəblə ayaqlaşmalıyıq. Bizim şou-biznesdə çox az sayda müasir pop musiqisini ifa edən gənclər var. Əksəriyyət ərəb, hind, türk tərzində oxuyur. Axı niyə? Bizim çox zəngin musiqi mədəniyyətimiz var. Amma bizim mahnılarımızı düzgün şəkildə oxumaq lazımdır. Mən tərzim olmadığına görə, muğamlarımızı bilmədiyimə görə ifa eləmirəm. Amma gözəl və təmiz şəkildə ifa edənlərə hər zaman həsəd aparmışam. 

- Zamanında siz ilk müğənnilərdən olmusunuz ki, çox bahalı avtomobilə sahib olmusuz. Həm də maşından çox az sayda məşhurda olub. Hətta deyirdilər ki, İlhamə Qasımova sənəti ilə yox, maşını ilə gündəmə gəlmək istəyir... 

- Mən yazığın olanı elə bu maşındır. (gülür) Heç vaxt gündəm üçün nələrisə etməmişəm. Belə şeylərə görə  insanlardan çox çəkinirəm. Hətta Amerikada yaşadığım zaman həmyerlimiz rejissor Elmar mənim üçün bir klip çəkmək istəyirdi, ssenariyə görə, mən şəhərdə adamların içərisində gəzə-gəzə mahnı oxumalıydım. Qəbul etmədim. Bununla yanaşı Tolik də bir dəfə Amerikada reportaj hazırlayanda dedi ki, küçənin ortasında mahnı oxu. Dedim ki, heç vaxt onu eləmərəm. Hətta 1 milyon dollar belə versə, etməzdim. Çünki səhnənin yeri başqadır.  


- Deyirsiz, olanım elə maşındır, maddi sıxıntılarınız varmı? 

- Zamanında maddi problemlərim çox olub. Amma qənayətçil biriyəm. Cibimdə son 100 manat olsa, onunla yaşayacağam. Necə deyərlər, ayağımı yorğanıma görə uzadıram. Rahat həyat, lüks yaşayış üçün heç kimdən borc, nisyə, kredit götürmərəm. Əgər pulun varsa, bahalı avtomobil, ya da ev ala bilərsən. Heç vaxt pulumu bahalı geyimə xərcləmərəm. Ayda 150.000 qazansam, brend geyinərəm. Amma o pulu da qazanıramsa, onun bir qismini mütləq yardıma ehtiyacı olanlara verərərm. Mən  beş min əski parçasına, o brendi yaradanı yedizdirməkdənsə, köməyə möhtac olana verərəm.  

- Deyilər, böyrəyinizdə problem var, bu üzdən də ana ola bilmirsiniz. Bu doğrudurmu? 

- Yox, qətiyyən elə deyil. Ana ola bilməməyimin heç bir xəstəliklə əlaqəsi yoxdur. Sadəcə, olmur. Buna görə də oturub ağlamıram. Bu Allahın mənə yazdığı alın yazısıdır. Deməli, qismətim belə imiş. 


- Bəs, övladlığa uşaq götürməyi düşünmüsünüzmü? 

- Bu çox böyük bir məsuliyyətdir, ona görə də hələ ki, bu barədə düşünmürəm. Amma uşaqlıqdan arzulamışam ki, bir qızım, bir də oğlum olsun. 
 
- İlhamə Qasımova qadın kimi xoşbəxtdirmi? 

- Tam olmasa da, bəli! Normal həyatım var, naşükür deyiləm. Əgər yaşamağa evim, sürməyə maşınım, yemək almağa pulum varsa, deməli mən artıq xoşbəxtəm. Qalan nə gerçək olmursa, bu mənim günahım, tənbəlliyimdir. 

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov