Eldar Əzizov Qərargah yaratdı
    • 29-10-2018, 10:45
    • 844

Eldar Əzizov Qərargah yaratdı

“2018-2019-cu ilin payız-qız mövsümünə hazırlıqla bağlı Şəhər İcra Hakimiyyətində müvafiq sərəncam imzalanıb, tədbirlər planı təsdiq olunub və xüsusi Qərargah yaradılıb”.

Bunu modern.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov paytaxtda qışa hazırlıqla bağlı görülən işlərdən danışarkən bildirib.
A.Hüseynov qeyd edib ki, paytaxtın bütün rayonlarında, idarə və məssisələrdə, həmçinin, şəhər İcra Hakimiyyəti tərkibində fəaliyyət göstərən departament və təşkilatlarda da mövsümə hazırlıqla bağlı tədbirlər planı hazırlanaraq Qərargaha təqdim olunub:
“Rayonlara Şəhər İcra Hakimiyyətinin qış mövsümü ilə bağlı tövsiyələri paylanılıb. Şəhərdə çoxmənzilli yaşayış binalarının giriş qapıları, blokların və dam örtüklərinin təmiri, ümumi istifadə yerlərinin, blok pəncərələrinin şüşələnməsi, yaşayış binalarında, məktəbəqədər və orta təhsil müəssisələrində, səhiyyə ocaqlarında, sosial obyektlərdə istilik sistemlərinin saz vəziyyətə gətirilməsi məsələləri xüsusi diqqət mərkəzində saxlanılır.
Həmçinin “Azəriqaz” İB, “Azərişıq” ASC, “Azərsu” ASC, Bakı Sukanal İdarəsi, “Azərbaycan Avtomobol Yolları Dövlət Agentliyi”, Bakı Nəqliyyat Agentliyi tərəfindən payız-qış mövsmü ilə bağlı tədbirlər planlarını hazırlanaraq Qərargaha təqdim edilib. Bu təşkilatların mövsümi tədbirlərlə bağlı görəcəkləri işlər Qərargah tərəfindən koordinasiya olunacaq”.
Şöbə müdirinin sözlərinə görə, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı günlərində Qərargah, bütün rayonların təsərrüfat xidmətləri xüsusi rejimdə çalışacaq:
“Hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlər görəcəklər. Bununla əlaqədar xüsusi texnikalar saz vəziyyətə gətirilib, kifayət qədər inventar, qum və duz tədarükü görülüb.
Hazırda Qərargah üzvləri mütəmadi olaraq toplaşır və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə edir. Görülən işlərin əsas məqsədi qış aylarında sakinlərimizin elektrik enerjisi, təbii qaz, su, istilik təchizatı və digər problemlərlə üzləşməməsidir”.