23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü - 101 İL
    • 23-04-2021, 09:55
    • 638

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü - 101 İL

Bu gün Türkiyədə Mustafa Kamal Atatürkün 101 il əvvəl uşaqlara hədiyyə etdiyi 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd edilir.

News24.az xəbər verir ki, Beynəlxalq Uşaq günü 1920-ci il Türkiyə Böyük Millət Məclisinin qurulması şərəfinə, Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürkün yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə etdiyi milli bayramdır.

Atatürk bayram ərəfəsində dövlətin idarəsinin uşaqların öhdəsinə buraxılması ənənəsinin əsasını qoyub. O bildirib ki, bu günün balacaları sabahın böyükləridir.

Hər il 23 apreldə Türkiyə prezidenti, baş naziri və digər dövlət rəsmiləri öz yerlərini bir günlük uşaqlara həvalə edirlər.  Azyaşlıların bu vəzifədə verdiyi göstərişlərə riayət olunur.

Qeyd edək ki, bu il 23 Aprel Milli Suverenlik və Uşaq Günündə koronavirus tədbirləri çərçivəsində komendant saatı tətbiq edilib.

Ankaradakı 23 aprel mərasimləri də məhdud iştirakla keçiriləcək. Ankaradakı ilk mərasim Türkiyə Böyük Millət Məclisində olacaq. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Parlamentdəki Atatürk abidəsi önünə əklil qoyacaq.