İstehsalat təlimi sisteminin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb
    • 24-04-2021, 14:04
    • 281

İstehsalat təlimi sisteminin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb

İş yerində peşə bacarıqlarının artırılması, istehsalat təlimi ilə bağlı şagirdlik üzrə normativ bazanın təkmilləşdirilməsi məsələlərinə dair Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertləri ilə birgə növbəti videokonfrans keçirilib.

News24.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev istehsalat təlimlərinin, peşə təhsili üzrə şagirdlik sisteminin, müəyyən təcrübə keçmənin, iş təcrübəsi proqramları üzrə təlimlərin təşkili praktikasının işçi qüvvəsinin bilik və bacarıqlarının artırılmasında mühüm rolunu qeyd edib. Nazir müavini BƏT-in müvafiq sənədlərində də bu məsələnin əksini tapdığını deyib. İşçi qüvvəsinin əmək bazarının tələblərinə daha çox uyğunlaşması və iqtisadiyyatın inkişafına uyğun rəqabət qabiliyyətinə malik olması ilə bağlı  dünyada bir çox təcrübələrin olduğunu bildirib. A.Əliyev ölkəmizdə də şagirdlik üzrə normativ bazanın təkmilləşdirilməsi işlərinin aparıldığını diqqətə çatdırıb. Bu sahədə BƏT ekspertləri ilə birgə işlərin önəmini vurğulayıb.

BƏT-in beynəlxalq əmək standartları və əmək hüququ üzrə baş mütəxəssisi Leo Sibbel, səriştələrin inkişafı sistemləri üzrə baş məsləhətçisi Aşvani Aqarval,  “MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıqlar” layihəsinin rəhbəri Ramiro Pizaro mövzu ilə bağlı BƏT yanaşmalarını diqqətə çatdırıblar.

Konfransda istehsalat təlimi ilə bağlı şagirdlik üzrə normativ bazanın təkmilləşdirilməsi məqsədilə Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər layihəsi müzakirə olunub.