Xətai rayonunda iki əsas küçə təmir edilir - FOTO
    • 28-04-2021, 16:27
    • 515

Xətai rayonunda iki əsas küçə təmir edilir - FOTO

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Xətai (AAYDA) rayonu ərazisində kompleks tədbirlər həyata keçirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan, sərnişin avtobusların hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarda aparılır.

AAYDA-dan News24.az-a verilən məlumata görə, hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri Əliağa Şıxlinski küçəsinin Neapol dairəsindən Məhəmməd Hadi və Nəsirəddin Tusi küçələrinə qədər olan hissəsində aparılır.

Uzunluğu 1,8 km, eni ortalama 13 metr təşkil edən küçə uzun müddət istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Bununla yanaşı küçə boyu zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur, səkilərin hərəkət hissəsi asfaltlanır, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilir.

Bu işlərə paralel olaraq küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur.
Yuxarıda qeyd edilən təmir işləri artıq ərazinin 1 km-lik hissəsində yekunlaşmaq üzrədir. Ümumilikdə tikintinin aparılacağı ümumi sahə 24 min kvadrat metrdən çoxdur.

Hazırda Xətai rayonu üzrə təmir-tikinti işləri rayonun yol infrastrukturu baxımından ən işlək küçələrindən hesab olunan, keçdiyi ərazidə mühüm əhəmiyyətə malik Xudu Məmmədov küçəsində də aparılır. Sözügedən küçənin təmir olunan hissəsinin uzunluğu 2,1 km təşkil edir ki, burada da küçəyə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Asfaltlanma işləri bitdikdən sonra Xudu Məmmədov küçəsi zəruri yol nişanları, üfüqi nişanlanma xətləri və piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsi veriləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün sözügedən ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sözsüz ki, cari ildə İnvestisiya Proqramına uyğun olaraq Xətai rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.

Ümumiyyətlə isə Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində ümumi uzunluğu 41,5 km uzunluğunda olan 32 adda küçə və yolda təmir-tikinti işləri görülüb.