Tarixi binanın üzərində mansard tikənlər cəzalandırılacaq- FOTO - YENİLƏNDİ
    • 30-04-2021, 16:04
    • 467

Tarixi binanın üzərində mansard tikənlər cəzalandırılacaq- FOTO - YENİLƏNDİ

Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərindəki mansard sökülür.

News24.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, söküntü işləri Bakı Şəhər İcra Hakimiyyətinin göstərişi ilə həyata keçirilir.

Qurumdan bildirilib ki, ötən gün sosial şəbəkələrdə yayılmış məlumatlardan sonra qanunsuz artırma faktı təsdiqlənib. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətində məsələylə bağlı komissiya yaradılır və bu məsələdə təqsirkar olan şəxslər tapılıb cəzalandırılacaq.
  
*** 15.39

Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərindəki mansard sökülür.

Bunu News24.az-a açıqlamasında Bakı şəhər İcra Hakmiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov deyib.

Qurum sözçüsü qeyd edib ki, Bakının 28 May küçəsində yerləşən 1908-ci ildə inşa edilmiş memarlıq binasında qanunsuz olaraq artırılan mansardın sökülməsi barədə qərar qəbul edilib: "Memarlıq abidəsinin üzərində 2008-ci ildə artırılmış qanunsuz mansardın sökülməsinə başlanılıb.
Belə ki, qanunsuz tikili ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər qeydə alınıb. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinin əlaqədar qurumları qanunsuz tikilini sökməyə qərar veriblər". 

Qeyd edək ki, tarixi bina “Nizami” kinoteatrının yanında, kinoteatrın arxasında yerləşən bağla üzbəüzdür. Azərbaycanlı milyonçu Musa Nağıyevin sifarişi ilə tikilmiş bu ev memarlıq abidəsi hesab olunur.