Efendinin "Eurovision" geyimini dünya şöhrətli Rüfət İsmayıl hazırlayacaq
    • 5-05-2021, 14:31
    • 1 093

Efendinin "Eurovision" geyimini dünya şöhrətli Rüfət İsmayıl hazırlayacaq

Azərbaycan təmsilçisi Efendinin "Avroviziya-2021" səhnəsində çıxışı üçün nəzərdə tutulmuş geyimin dizayneri dünya şöhrətli modelyer Rüfət İsmayıldır.

News24.az xəbər verir ki, bu barədə "12xal.com" məlumat yayıb.

“Affair” brendinin təsisçisi Rüfət İsmayılın kolleksiyaları Dəb Həftəsində Nyu-York, Milan, Florensiya, Tehran və digər şəhərlərdə təqdim olunub.

İsmayılın kolleksiyası həmçinin məşhur kişi moda sərgisi Pitti Uomo-da nümayiş etdirilib. Rüfət İsmayılın geyimləri bir çox Hollivud ulduzlarının seçimi olub,  onların arasında Cey Lo, Beyons, Aşanti, Dua Lipa və bir çox başqa dünya şöhrətli ulduzlar yer alır.

Rüfət İsmayıl bildirib ki,  Efendi üçün geyim hazırlayarkən əsas məqsədi güclü, özünə inamlı qadının ruhunu çatdırmaq olub: "Başqa vacib məqam isə Milli elementlərin mövcudluğuydu, hansı ki, bütün bunların bir obrazda birləşməsi elə də asan deyildi. Səhnədə sənətçini heç də ondan geri qalmayan gözəl obrazlarda olan rəqqaslar tamamlayacaq və biz əminik ki, səhnə kostyumları vasitəsilə istədiyimiz ideyanı tamaşaçılara çatdıra biləcəyik. Ən əsası isə Efendinin geyinəcəyi kostyumda özünü qəlbləri fəth edən biri kimi hiss etməsidir, axı sənətçinin geyimi öz üzərində necə təqdim etməsi çox önəmli məqamdır“.

Efendinin kostyumu qiymətli və yarı qiymətli daşlarla bəzədiləcək, geyimdə müasir tərzdə milli elementlərin birləşməsi olacaq.