Prezident nekroloq imzaladı
    • 5-05-2021, 17:31
    • 491

Prezident nekroloq imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev Xalq şairi Fikrət Qocanın ölümü ilə bağlı nekroloq imzalayıb. 

News24.az xəbər verir ki, nekroloqda deyilir:
Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq şairi Fikrət Qoca (Fikrət Göyüş oğlu Qocayev) 2021-ci il mayın 5-də ömrünün 86-cı ilində vəfat etmişdir.

Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. O, Ağdaş şəhərində orta məktəbi bitirmiş, 1953–1957-ci illərdə Bakı dəmir yolu texnikumunda oxumuş və 1957–1959-cu illərdə Bakı şəhərində tikinti idarəsində işləmişdir.

Ədəbi yaradıcılığa gənc yaşlarından meyil göstərən Fikrət Qoca 1959–1964-cü illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış, Bakıya qayıtdıqdan sonra 1964–1965-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, 1967–1970-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, 1970–1975-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında məsul katib, 1978–1987-ci illərdə “Azərbaycan” jurnalında şöbə müdiri və 1987–2004-cü illərdə “Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifələrində çalışmışdır. O, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin katibi, 2004-cü ildən birinci katibi olmuşdur.

Fikrət Qoca Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən sənətkarlardandır. Şair dərin ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar qazandırmış, mühüm hadisələr və cəmiyyətdəki mənəvi-ictimai proseslər fonunda insanın daxili aləminin dolğun təsvirinə nail olmuşdur. Mənəvi ucalığa və mənalı yaşamağa səsləyən, insan və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin əsərləri Fikrət Qocanı geniş oxucu kütləsinə sevdirmişdir. Şairin bədii tərcümələri sayəsində Azərbaycan oxucusu dünya poeziyasının dəyərli nümunələri ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Fikrət Qocanın sözlərinə bəstələnmiş mahnılar tanınmış müğənnilərin repertuarında geniş yer tutur.
Fikrət Qoca istiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlamışdır. Onun xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır.
Fikrət Qocanın uzunmüddətli səmərəli yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi” və “Xalq şairi” fəxri adlarını almış, Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə, Dövlət mükafatına və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.
Görkəmli şair, qayğıkeş və səmimi insan Fikrət Qocanın xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!