DSMF-dən Cəlilabad sakininin şikayətinə cavab
    • 6-05-2021, 11:36
    • 274

DSMF-dən Cəlilabad sakininin şikayətinə cavab

Dövlət Sosial Müdafiə Fondu Cəlilabad sakini Təyyar Səfərova ünvanlı sosial yardımın verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirib.

Fonddan News24.az-a daxil olan məlumatda bildirilir ki, Cəlilabad rayonu, Məşədilər kənd sakini Səfərov Təyyar Kürşad oğlunun ailəsinə ünvanlı sosial yardım verilməməsi ilə bağlı şikayət əsassızdır. Həmin ailəyə hələ ötən ilin 1 aprelindən ünvanlı sosial yardım təyin edilib:

“Həmin vaxt pandemiya ilə bağlı sərt karantin rejimi olduğuna görə ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmadan yardım təyin olunmuşdu. Lakin sonradan müəyyən olundu ki, o, yardım üçün müraciət edərkən ailənin mülkiyyətində pay torpağı olduğunu qeyd etməyib. Qanunla belə hallarda (yəni ailənin əmlakı barədə məlumatlar müraciət zamanı qeyd edilmədiyi hallarda) yardım təyin oluna bilməz. Ona görə də Təyyar Səfərovun ailəsinə ödənilən sosial yardım dayandırılıb”.

Məlumatda həmçinin qeyd olunub ki, Təyyar Səfərov elektron qaydada yenidən müraciət edərək ailəsinin torpaq payı barədə məlumatları ərizə bəyannamədə qeyd edərsə, ailənin ünvanlı dövlət sosial yardım almaq hüququnun yaranıb-yaranmamasına baxılacaq.
Qeyd edək ki, sosial şəbəkələrdə T. Səfərovun çətin şəraitdə yaşaması, ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı görüntülər yayılıb.