YAP-da “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirilib
    • 7-05-2021, 19:24
    • 735

YAP-da “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirilib

Mayın 7-də Yeni Azərbaycan Partiyasının Veteranlar Şurası Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Xalqa bəxş edilmiş ömür” mövzusunda videokonfrans keçirib.

News24.az-ın xəbərinə görə, videokonfransda çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, ümummilli liderimiz Heydər Əliyev xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlər göstərib.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin ideyalarını uğurla həyata keçirir: “Bu gün dövlətimizin təhlükəsizliyi tam təmin olunub, müstəqilliyimiz qorunur, Azərbaycan bütün sahələrdə, o cümlədən dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm uğurlar qazanır. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bununla da Azərbaycanın inkişafının yeni mərhələsi başlandı.”

Videokonfransda çıxış edən YAP Veteranlar Şurasının üzvü Əli Həsənov bildirib ki, Heydər Əliyev elə bir düha, elə bir dahi şəxsiyyətdir ki, haqqında nə qədər yazılsa da, onun zəngin həyat və fəaliyyətini tam əhatə etmək mümkün deyil.
Əli Həsənovun sözlərinə görə, milli birlik və həmrəylik, ictimai-siyasi sabitlik, müasir dünyanın tələblərinə uyğun iqtisadi inkişaf həmişə Ulu Öndərin dövlət idarəçiliyində prioritet istiqamətlər olub.

Bu gün Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini deyən Əli Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Bu Zəfərlə Azərbaycan dünyaya öz gücünü və qüdrətini nümayiş etdirdi.

YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdəndir. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin siyasi irsinin araşdırılması nəticəsində yaradılan yeni əsərlər müasir siyasi elmdə əhəmiyyətli yer tutur.
YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da çıxışında ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib.

S. Qəhrəmanova diqqətə çatdırıb ki, Heydər Əliyev ideyaları ətrafında sıx birləşən Azərbaycan qadınları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyini, qayğısını hər zaman hiss edirlər.

Çıxış edən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, Azərbaycan gəncliyinin uğurlarının təməlində Ulu Öndər tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasəti dayanır.