Əli Əsədov: "Azərbaycan Cənubi Qafqazın lideridir"
    • 8-05-2021, 09:26
    • 653

Əli Əsədov: "Azərbaycan Cənubi Qafqazın lideridir"

“Bu gün Azərbaycan dövləti özünün çoxəsrlik tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Azərbaycan Cənubi Qafqazın lideri, bütün dünya miqyasında böyük nüfuz qazanmış, qətiyyətli mövqeyi olan qüdrətli dövlətdir”.

News24.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov deyib.

“İndi çox aydın görünür ki, Azərbaycan xalqının ən böyük arzusu və istəyi olan bu müqəddəs qələbə tək 44 günün ərzində qazanılmayıb. Bu qələbə və qələbəyə aparan yollar torpaqlarını itirmiş, hər şeydən ümidi üzülmüş, iqtisadi böhrana düçar olmuş, evindən-eşiyindən didərgin düşmüş bir xalqın ulu öndər Heydər Əliyevə müraciəti və xalqın israrlı tələbi ilə ümummilli liderin hakimiyyətə qayıdışından, Azərbaycan dövlətçiliyini xilasından, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardığı taleyüklü tarixi anlardan başlayıb. Bu qələbə Heydər Əliyevin Azərbaycanı dünyaya tanıtdığı, iri dövlətlər, mötəbər beynəlxalq qurumlar, dünya siyasətində mühüm rol oynayan nüfuzlu dairələr və mərkəzlər ilə səmərəli əməkdaşlıq müstəvisi qurduğu illərdən başlayıb.

Bu qələbə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin yaradılması və möhkəmləndiriməsi, hüquqi dövlət quruculuğu, milli iqtisadiyyatın dirçəldilməsi və inkişaf etdirilməsi istiqamətində görülmüş irimiqyaslı işlərdən başlayıb.

Bütövlükdə bu qələbə Heydər Əliyevin memarı, banisi və müəllifi olduğu Neft Strategiyasından başlayıb və ümummilli liderin Azərbaycana öz siyasi varisi olan İlham Əliyev kimi oğul, Prezident, Sərkərdə bəxş etməsi sayəsində mümkün olub”, - Baş nazir vurğulayıb.