Bakı-Gəncə qatarı istiqamətini dəyişir - RƏSMİ
    • 17-05-2021, 12:24
    • 793

Bakı-Gəncə qatarı istiqamətini dəyişir - RƏSMİ

Sumqayıt-Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində edilən dəyişiklik bu gün səhər saatlarında dəmiryol dayacaqlarında və Bakı Dəmiryol Vağzalında sıxlığa səbəb olub. Qatarların sayının azalması sərnişinlər tərəfindən böyük etirazla qarşılanıb. 08:03, 08:18, 08:28 və 08:38 qatarları əvəzinə reysə cəmi 08:13-də bir qatar buraxılıb. Nəticədə isə sıxlığa görə vaqonlara daxil ola bilməyən sərnişinlər qatarın hərəkətinin yubanmasına səbəb olub. Eyni zamanda biznes sinifinə bilet satışının yeni qrafikə uyğunlaşdırılmaması həmin sinifə bilet alanların da ayaq üstə səfər etməsinə gətirib çıxarıb. 

News24.az
olaraq məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-ə sorğu ünvanladıq. 

Qurumun cavabını təqdim edirik: “Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı-Sumqayıt xəttinə yönəldilmişdi. Mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub. 

Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək”.

Teymur Məmmədov