Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olundu
    • 18-05-2021, 10:06
    • 689

Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan olundu

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb.

 News24.az xəbər verir ki, müraciətdə deyilir:

"Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilmişdir və ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd olunur.

Bu əlamətdar gün ərəfəsində Ombudsmanın təşəbbüsü əsasında ənənəvi olaraq hər il 18 may – 18 iyun tarixlərində “İnsan Hüquqları Aylığı” elan olunur.

Aylığın keçirilməsində məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyininin zəruriliyini diqqətə çatdırmaqdır.

Aidiyyəti dövlət qurumlarının, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm-təhsil müəssisələrinin, vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin də qoşulduğu aylıq çərçivəsində insan hüquqlarının təmini və təbliği istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Ötən dövr ərzində əldə olunmuş təcrübə göstərir ki, aylıq çərçivəsində əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə təşkil edilən tədbirlər onların hüquqi cəhətdən maarifləndirilməsində mühüm rol oynamışdır.

2020-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən elan olunmuş qlobal pandemiya olan COVID-19 infeksiyasının qarşısının alınması istiqamətində tədbirlər dövlət və cəmiyyətdən, bütövlükdə ayrı-ayrı insanlardan həmrəylik, birgə əməkdaşlıq və məsuliyyət tələb edir. Odur ki, ölkəmizdə bu infeksiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində profilaktik və mübarizə xarakterli təxirəsalınmaz sosial izolyasiya tədbirlərinin həyata keçirilməsi ilə xüsusi karantin rejimi davam etdirilməkdədir.

Yeri gəlmişkən, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi istiqamətində görülən işlərlə yanaşı, Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün əhalinin hüquq düşüncəsinin inkişaf etdirilməsinə yönəlmiş hüquqi maarifləndirmə işinə də xüsusi diqqət yetirən Ombudsmanın Aparatı və regional mərkəzləri də bu istiqamətdəki fəaliyyətini ölkədə mövcud olan sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq, canlı təmas olmadan, onlayn formatda aparır.

Qeyd olunanları ümumiləşdirərək və 2021-ci ilin 18 may - 18 iyun tarixlərini ölkədə “İnsan Hüquqları Aylığı” elan edərək, dövlət qurumlarını, yerli özünüidarə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrini təşəbbüsümüzə qoşulmağa dəvət edirəm.

Bununla əlaqədar, xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməklə onlayn formatda hüquqi maarifləndirici görüşlərin, videokonfransların təşkil edilməsini, bu mövzuya həsr olunmuş müxtəlif sosial çarxların hazırlanmasını bir daha tövsiyə edir, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə insan hüquqlarının təbliğinə dəstək verməyə, insanların müraciətlərinə operativ şəkildə baxılması və pozulmuş hüquqlarının bərpası məsələlərinə daha da həssas yanaşmağa, bu istiqamətdə səmərəli əməkdaşlığa çağırıram".