AQTA yanında İctimai Şura dönərlə bağlı məsələləri müzakirə etdi
    • 22-05-2021, 12:47
    • 364

AQTA yanında İctimai Şura dönərlə bağlı məsələləri müzakirə etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Şuradan News24.az-a verilən məlumata görə, iclasa sədrlik edən AQTA yanında İctimai Şuranın sədri Nazim Səfərov İctimai Şuranın Reqlament layihəsi barədə məlumat verib.

Qeyd olunub ki, Reqlament layihəsi “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanıb. Layihə səsverməyə çıxarılıb və AQTA yanında İctimai Şuranın Reqlamenti qəbul olunub.

Toplantıda “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi, Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi və digər dövlət proqramları və yol xəritələri bəzi istiqamətlər üzrə müzakirə olunub.

İclasda istehsalçı və istehlakçıları narahat edən bəzi məsələləri, o cümlədən dönər satışı sahəsində neqativ hallar müzakirə edilib. Bundan başqa, növbəti iclaslara qida sahəsi üzrə müxtəlif assosiasiya nümayəndələrinin dəvət olunaraq dinlənilməsi qərara alınıb.

Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.