Səfər Mehdiyev “Samur” gömrük postunda yaranan sıxlıqların həlli məsələsindən danışdı
    • 24-05-2021, 19:42
    • 614

Səfər Mehdiyev “Samur” gömrük postunda yaranan sıxlıqların həlli məsələsindən danışdı

"Dövlət Gömrük Komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də sərhədkeçmə proseslərinin sadə və sürətli şəkildə həyata keçirilməsi, beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasıdır".

News24.az xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev “Qafqazinfo”ya müsahibəsi zamanı deyib. O bildirib ki, Prezident İlham Əliyevin son illər gömrük sistemində həyata keçirdiyi islahatlar bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb: "Gömrük orqanları sərnişinlərin, mal və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, sərhədkeçmə proseslərində vaxt və vəsait itkisinin aradan qaldırılması istiqamətində informasiya texnologiyalarına əsaslanan, insan amilini minimuma endirən bir sıra layihələr və yeniliklər tətbiq edir.

Cəmiyyətə yaxşı məlum olan “Yaşıl dəhliz”, “Sürətli keçid” və digər layihələr, eyni zamanda, Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) aparılan texniki təkmilləşdirmələr sayəsində gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyəti 2 dəfədən çox artırılıb. Nəticədə, əvvəllər gömrük-keçid məntəqələrindən gündəlik bir istiqamətdə 250 yük nəqliyyat vasitəsinin keçidi təmin olunurdusa, indi bu rəqəm 500-dən çoxdur. Bundan başqa, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinə sərf olunan müddət 15 dəqiqəyə endirilib.

Bütün bu sadaladığım yeniliklər Rusiya Federasiyası ilə sərhəddə yerləşən, ölkəmizin ixrac əməliyyatlarının, tranzit potensialının artırılmasında, şimal-cənub nəqliyyat dəhlizi üzrə yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayan “Samur” gömrük-keçid məntəqəsində də tətbiq edilir. Belə ki, tətbiq edilən yeniliklər hesabına hazırda bu gömrük məntəqəsinin ixrac nəzarət xətti üzrə gündəlik 500-dən çox yük nəqliyyat vasitəsinin keçidini təmin etmək mümkündür. Lakin sıxlıqların yaranmasına gəlincə, buna səbəb mövsümlə əlaqədar həm Azərbaycandan, həm də tranzit yolla Rusiyaya daşınan yüklərin miqdarının normadan artıq olmasıdır.

Onu da qeyd edim ki, “Samur” gömrük postunda son illər aparılan yenidənqurma işləri hazırkı yük axınının hər hansı növbələr yaranmadan keçidini təmin etməyə imkan verir. Lakin Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin buraxılış qabiliyyəti aşağı olduğundan qarşı tərəfdə fəaliyyət göstərən həmkarlarımız gün ərzində maksimum 300 yük nəqliyyat vasitəsinin keçidini təmin edə bilir. Üstəlik, bu rəqəm Rusiya Federal Gömrük Xidməti ilə aparılan mütəmadi danışıqların nəticəsində əldə olunub.  Nəticədə, qarşı tərəfin buraxılış imkanlarının məhdud olması “Samur” gömrük postunun qarşısında mövsümi sıxlıqların yaranmasına səbəb olur.

Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, üstəlik, rusiyalı həmkarlarımızla da yük axınının daha da sürətləndirilməsi məqsədilə mütəmadi danışıqlar aparılır. Ümidvaram ki, yaxın günlərdə problem həllini tapacaq və növbələr tamamilə aradan qaldırılacaq.

Onu da əlavə edim ki, ölkə başçısının göstərişi ilə Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Xanoba” gömrük postu da yenidən inşa olunur və tikinti işlərinin ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Yeni gömrük postu fəaliyyətə başladıqdan sonra Rusiya və əks istiqamətdə yükdaşımaların həcmi artmaqla yanaşı, sərhəddə yaranan növbələr də tamamilə aradan qaldırılacaq.

Eyni zamanda, qarşı tərəfdən də bildirilib ki, Rusiya Federasiyası istiqamətində yerləşən Yaraq-Qazmalar buraxılış məntəqəsində sıxlıqların aradan qaldırılması üçün artıq yenidənqurma və yol infrastrukturunun təkmilləşdirilməsi işlərinin aparılmasına start verilib və ilin sonuna qədər bu işlər də yekunlaşacaq. Nəticədə, adı çəkilən gömrük-keçid məntəqəsindən də gün ərzində 500 yük nəqliyyat vasitəsinin keçidi təmin ediləcək".