"Azyaşlı qızların erkən evləndirilməsi bizi çox narahat edir" - Bahar Muradova - Video
    • 1-06-2021, 17:33
    • 633

"Azyaşlı qızların erkən evləndirilməsi bizi çox narahat edir" - Bahar Muradova - Video

"Ölkədə azyaşlı qızların erkən evləndirilməsi və ana olmasına dair faktlar bizi çox narahat edir".

News24.az APA-ya istinadən xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ölkədə azyaşlı qızların erkən evləndirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, burada nikahdan söhbət gedə bilməz: "Bunlar gizli gedən proseslərdir, lakın ictimaiyyətə gizli qalsa da, hadisə baş verən ərazilərdə ətrafda olan insanlar və qurumlar, müvafiq dövlət orqanları bəlkə də bunu görür və bilirlər. Amma özlərini görməzliyə vururlar. Hadisədən xəbərdar olub səsini çıxarmayan şəxslərə görə bu kimi faktlar davam etməkdədir. Amma qeyd etməliyəm ki, 2010-11-ci illərdən bu faktlar azalmaqdadır. Çünki bu faktların pik həddi 2011-ci ilə təsadüf edir".

Komitə sədri qeyd edib ki, bu məsələdə maarifləndirmə tədbirləri, inzibati cəzalar, digər cəzalara rəğmən bəzi ailələrdə bu kimi məsələlər hələ də davam edir: "Çox təəssüf ki, bu kimi məsələlər bəzi hallarda yaşlı nəslin nümayəndələrinin normal bildiyi hərəkət kimi reallaşdırdığı hadisə olsa da, bəzi hallarda bunu təhsilli, cavan ailələrdə də müşahidə edirik. Düşünürəm ki, bu, artıq adət-ənənədən kənara çıxır. Sadəcə bunun cinayət olduğunu bilərək əhəmiyyət vermədən reallaşdırmaq faktı kimi qəbul edilməli və cinayət qanunvericiliyi ilə qiymətləndirilməlidir. Biz bu məsələdə yanaşmaların və cəza tədbirlərinin sərtləşdirilməsinin tərəfdarıyıq. Bu istiqamətdə bəzi mövqelərimiz var, amma bu, təkcə bizim istəyimizdən asılı deyil. Müvafiq dövlət orqanları bizim mövqelərimizi dəstəklədiyi, bu məsələyə parlamentdə baxıldığı və qanunvericiliyə dəyişiklik edildiyi halda cəzalar sərtləşdirilə bilər. Amma indiki halda ən sərt cəza ictimai qınaqdır. İctimai qınaqda da ailənin və erkən evliliyə cəlb olunan şəxslərin adları, ünvanı tanıdılmamalıdır".