"Düşmənimiz rəsmi olaraq terrorçudur" - Murad Dadaşov
    • 4-06-2021, 18:11
    • 421

"Düşmənimiz rəsmi olaraq terrorçudur" - Murad Dadaşov

“Bu, bizə qarşı olan terrordur. Dostumuzun, həmkarımızın itkisi böyük itkidir. Böyük acı ilə bunu yaşayırıq, amma bu, bir daha onun sübutudur ki, minalanmış ərazilərin xəritələri bizə verilmir. Sual yaranır. Niyə? Nə məqsədlə? Demək, ermənilər bizə qarşı aqressiyanı davam etdirirlər. Azərbaycan dövlət başçısı, Ali Baş Komandan bir imzası ilə, üçtərəfli bəyanat ilə Azərbaycan Ordusunu dayandırdı. Biz artıq yeni mövqelərdən öz dövlətimizi qurmağa başlayırıq. Biz əməkdaşlığa hazır olduğumuzu bildiririk. Ermənistan yenə də mübarizəni davam etdirir. Bu hadisəyə barədə dünya media nümayəndələrinin açıqlaması olmalıdır. Bu barədə hamıya məlumat verməliyik”.

News24.az xəbər verir ki, bunu Kəlbəcərdə minaya düşərək həyatını itirən jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun anım tədbirində jurnalistlərə açıqlamasında “Xəzər” TV-nin prezidenti Murad Dadaşov deyib.

M.Dadaşov qeyd edib ki, illərdir Azərbaycan rəsmiləri, ictimai xadimləri car çəkirlər ki, erməni terrorçuları bizimlə mübarizə aparırlar. Ermənistan dövləti terror üsulu ilə mübarizə aparır.

Televiziya rəhbəri eləcə də beynəlxalq təşkilatların münasibətlərinin bizi təəccübləndirmədiyini vurğulayıb: “Hamısı bir-bir burada yığışsınlar. Gedək ölənlərin ailələrinə, qalan övladlarına baxaq, görək onlar necə yaşayırlar. Bütün Azərbaycan media nümayəndələri olaraq hamımız birləşəcəyik. Bunun qanı yerdə qala bilməz. Mən çox xahiş edirəm, bu işdə Azərbaycan mətbuatı bir daha birləşsin. Biz onsuz da bundan sonra Qarabağa gedəcəyik, bizi heç bir şey dayandıra bilməz. Biz öz torpaqlarımıza qayıdırıq, amma bu hadisə bir daha fürsətdir ki, biz birlikdə bir daha birləşək. Düşmən bizə qarşı çox qəddardır və bu, bir daha onun sübutudur. Biz heç vaxt bu hadisələrlə barışmayacağıq. Bizim mübarizə apardığımız düşmən tərəfi, dövlət səviyyəsində rəsmi olaraq terrorçudur".