Kəlbəcərdə şəhid olan operator dəfn edildi - YENİLƏNDİ - FOTOLAR/VİDEO
    • 5-06-2021, 19:45
    • 765

Kəlbəcərdə şəhid olan operator dəfn edildi - YENİLƏNDİ - FOTOLAR/VİDEO

Kəlbəcərdə şəhid olan AzTV-nin əməkdaşı Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

News24.az xəbər verir ki, dəfndə şəhidimizin ailə üzvləri, yaxınları, həmkarları, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və ictimaiyyət nümayəndələri iştirak edib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da Siracı son mənzilə yola salmağa gələnlər arasında idi: "Bu oğulların hər ikisi torpaq ağrısının nə demək olduğunu çox dərindən bilirdi. Mən onları hər zaman öz işlərinin peşəkarı və vətənpərvər kimi tanıyırdım. Onlar çox böyük iş gördülər. Həm Sırac, həm də Məhərrəm işğaldan azad olunmuş torpaqları qarış-qarış gəzib dünyaya ermənilərin törətdiyi vandalizmi, vəhşiliyi göstəriblər. Biz bu gün bütün dünyaya çağırış edirik. Artıq yetər! Bu hadisə erməni vandalizminin növbəti nümunəsidir. İndi beynəlxalq jurnalist təşkilatlarının səsini ucadan eşitmək istəyirik. Cənab Prezident hər zaman deyir ki, Şəhidlərimizin qanı yerdə qalmayacaq, onların intiqamı alınacaq. Və elə də olub. Torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident həmçinin də bunu  xəbərdarlıq elədi. Əgər bir daha belə bir hal yaşansa, "dəmir yumruq" əməliyyatı onların başının üstündə olacaq. Qəhrəman qardaşlarımızın, adlarını tarixə yazan həmkarlarımızın intiqamı alınacaq".

"Fəxr edirəm ki, Sirac Şəhidlik Zirvəsinə ucaldı".

Bu məğrur, hə də ağrılı kəlmələri isə şəhid Siracın anasıdan eşitdik: "Sonuncu dəfə dünən səhər mesaj yazdı ki, məndən narahat olmayın, özünüzdən muğayat olun, bir-birinizə yaxşı baxın. Hər gün ona xeyir-dua verirdim. Sonuncu mesajından yarım saat sonra xəbər gəldi. Gördüm ki, bütün qonşular həyətə toplaşıb. Bir də eşitdim ki, balam getdi". (ağlayır)

13.16

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

News24.az xəbər verir ki, şəhid operatorla vida mərasimi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki evində keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Şəhidimizin qardaşı Şirzad Abışov qardaşı haqqında danışərkən göz yaşlarını saxlaya bilmədi: “Xəbəri eşidəndə işdəydim, amma öncədən hiss eləmişdim,  bilirdim ki, Siraca nəsə olacaq. Ona görə Zəng gələn kimi, ilk sualım "Sıraca nə olub?" oldu. Hadisəni danışdılar, amma nəticəni demədilər. Sonradan öyrəndim. Həmişə ona deyirdim ki, ehtiyatlı ol, özünü qoru. Cavabı isə həmişə eyni olurdu, "məndən narahat olmayın" deyirdi. Hadisədən bir gün qabaq telefonuna zəng çatmadı, anam çox narahat oldu. Elə bil onun da ürəyinə dammışdı ki, nəsə olacaq. Sirac başqa oğlan idi. Gedəndə sağollaşdıq, amma növbəti gün o artıq yox idi. Hər gün əlaqə saxlayırdıq. Qubadlıya ayağını basdığı gün sevincinin həddi-hüdudu yox idi. Boynumu qucaqlayıb dedi ki, inşaallah balalarımızın toyunu doğma torpağımızda edərik".

Şəhid həkarlarımız haqda daha bir yanıqlı ürək sözlərini operator Nicat Nağızadədən eşitdik: "Kəlbəcədə bir yrdə idik. Mənim səhhətimdə problem yaranmışdı, ona görə geri qayıtdım. Onların hər biri sayılıb seçilən, öz işlərində peşəkar idilər. Yol yoldaşı, dost kimi də əvəzsizdilər. Ələlxüsus, Sirac çox ailəcanlı idi. Onunla eyni otaqda qalırdıq. Hər gün yuxudan oyanan kimi deyirdi, yəqin bu gün partlayacağıq. Mən daha çox kənarda çalışırdım, işim dronla idi. Məhərrəm hər dəfə mənə tapşırırdı ki, kənarda dur, çox qabağa getmə. Mən də deyirdim, "siz özünüzdən müğayat olun, mən onsuz da kənardayam". Onlar haqqında keçmiş zamanda danışmaq çox ağırdır".

Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov