Maskayla bağlı XƏBƏRDARLIQ
    • 11-06-2021, 10:42
    • 451

Maskayla bağlı XƏBƏRDARLIQ

Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.


“Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir. Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik”, - deyə qeyd olunub.