Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü
    • 5-11-2018, 11:39
    • 949

Kərbəlada azərbaycanlı zəvvarlar itkin düşdü

Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən daha bir zəvvar yoxa çıxıb. Belə ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu azərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşüb.

Məlumata görə, əqli qüsurlu H.Fətullayev gecə saatlarında qrupdan ayrılaraq istiqaməti itirib. Daha sonra qrup üzvlərini tapa bilməyən azərbaycanlı zəvvar Nəcəf-Kərbəla yolunda park edilən avtomobillərdən birinin içərisində gecələmək qərarına gəlib. Amma H.Fətullayevin nəqliyyat vasitəsində gecələməsi ona baha başa gəlib. Digər maşının onun içərisində olduğu avtomobillə toqquşaraq qəza törətməsi nəticəsində H.Fətullayevin saxlanıldığı bildirilir.

Qeyd edək ki, oktyabrın 27-də Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən Cəlilabad rayon sakini 1987-ci il təvəllüdlü Əliyev İsmayıl İntiqam oğlu da Nəcəf-Kərbəla yolunda yoxa çıxıb.

Hər iki zəvvarın axtarışları davam etdirilir.

//A24.az