Anomal istilərdə saat 12-dən 4-dək çölə çıxmayın! - PROFESSOR XƏBƏRDARLIQ ETDİ
    • 28-06-2021, 17:11
    • 544

Anomal istilərdə saat 12-dən 4-dək çölə çıxmayın! - PROFESSOR XƏBƏRDARLIQ ETDİ

"Günvurma orqanizmdə istilik tənzimləmə mexanizmlərinin pozulmasına, hətta ölümə səbəb ola biləcək fəsadların yaranmasına gətirib çıxara bilər ki, bu da həyat üçün çox təhlükəlidir. Əvvəla, orqanizmin istilikdən qorunmaq üçün kompessator imkanları var. Yəni insan həddən artıq isti mühitdə bu kompensator mexanizmlər işə düşür və damarlar, dəri səthi genişlənir, dəridən su buxarlanması artır. Bununla da istilik bədəndən xaric olur. Amma bu mexanizmlər daimi deyil. Bir müddət sonra bunlar tükənir və temperaturun yüksəlməsi başlayır".

Bu sözləri son günlər ölkə ərazisində müşahidə edilən anomal istilərlərdən qorunmaqla bağlı News24.az-a açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.


O bildirib ki, tempraturun bir neçə dərəcə yüksəlməsi artıq orqanizm üçün təhlükəli vəziyyət yaradır: "Bu zaman zülalların denaturasiyası baş verir. Biokimyəvi proseslər pozulur və həyat üçün təhlükəli vəziyyət yaranır. Adətən bu situasiyada təzyiqin enməsi, soyuq tər basması, bayılma halları qeydə alınır. Günəş şüasının istilikvurma ilə yanaşı, həm də ultrabənövşəyi şua təsiri var. Bu da dəri yanıqları əmələ gətirir. Uzun müddət onların təsiri altında qalmaq orqanizm üçün çox ziyanlıdır. Ona görə də uzun müddət gün şüaları altında, istidə dayanmaq məsləhət deyil. Bunun təmas müddəti nə qər az olsa, o qədər də yaxşıdır. Belə anomal istilərdə saat 12:00-16:00 arası, yaxşı olar ki, günəş şüaları altında olmayaq. Çimərliyə də saat 16:00-dan sonra getmək məsləhətdir. Günəşdən qorunmaq üçün baş örtükləri, dəri üçün müxtəlif kremlər və məlhəmlərdən istifadə mütləqdir. Çimərlikdə kiminsə təzyiqi düşərsə, bayılma hadisəsi baş verərsə, həmin şəxs isti yerdən soyuq yerə köçürülməli, bədəni soyuq dəsmalla silinməli, alnına yaş dəsmal qoyulmalıdır ki, bədən tempraturu aşağı ensin. Bu, ilk yardım həkim yardımı qədər vacibdir. Hər halda, insanlar privintiv tədbirlərə əl atsalar, daha yaxşı olar".