Bakıda bu küçələr təmir olunub
    • 14-07-2021, 15:19
    • 549

Bakıda bu küçələr təmir olunub

2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakının Nəsimi rayonu ərazisində genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, bu il rayon üzrə ümumi olaraq 6 km ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə yenidən qurulur. Artıq rayonun ümumi uzunluğu 3 km-dən çox olan Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, İbrahim Əbilov və Balababa Məcidov küçələrində təmir işləri yekunlaşıb.
Hazırda Nəsimi rayonu üzrə uzunluğu 800 metr olan Möhsün Sənani küçəsində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Eni ortalama 9 metr təşkil edən küçə uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib.

Təmir-tikinti işləri çərçivəsində küçə boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilib, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulub. Ümumilikdə təmir işlərinin aparıldığı ümumi sahə 7 min kv.m. təşkil edir.

Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə Ceyhun Səlimov və Alı Mustafayev küçələrinin də təmiri icra olunacaq.
Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 km-dən çox uzunluğa malik küçə və yol təmir edib.