Bakının 5 rayonunda “patı” satanlara qarşı əməliyyat - Foto/Video
    • 15-07-2021, 10:40
    • 575

Bakının 5 rayonunda “patı” satanlara qarşı əməliyyat - Foto/Video

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçirilib.

Bu barədə News24.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarənin əməkdaşlarının Astara rayonunda həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında Binəqədi rayonunda həyata keçirdikləri daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərlərindən və Kamil Rəşidovun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə 9 kiloqram heroin və 1 kiloqram 50 qram “patı” “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Vüqar Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri, yəni heroini və “patı” adlanan metamfetamini Bakı şəhərində müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli imiş.