Lənkəranda meşədə ağacları kəsən şirkət cəzalandırılacaq - Vüqar Kərimov
    • 15-07-2021, 17:00
    • 586

Lənkəranda meşədə ağacları kəsən şirkət cəzalandırılacaq - Vüqar Kərimov

"Azərbaycanda meşələrin mühafizəsi sahəsində problemlər azalmağa doğru gedir".

News24.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Meşələrin mühafizəsi və davamlı inkişafı" mövzusunda keçirilən debatda çıxışı zamanı deyib.

O, bildirib ki, meşə fondu sahəsi Azərbaycan ərazisinin 14% təşkil edir: "Meşə ilə örtülü sahələr respublika ərazisinin 11,8-12% əhatə edir. Meşələrin mühafizəsi bizim əsas fəaliyyət istiqamətlərindəndir. Bu sahədə problemlər var, amma azalmağa doğru gedir. A Meşələrin mühafizə edilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir nömrəli məsələsidir. Müəyyən çatışmazlıqlar, problemlər var. Lakin mühafizə sahəsində problemlər azalan istiqamətdədir”.

Vüqar Kərimov Haftonidə ağacların kəsilməsinə də münasibət bildirib: “Biz günahkarları bilirik. Bu bizim üçün üz qarasıdır. Bunun qarşısını tez almalı idik. Heç bir obyektiv səbəb yoxdur. Cəzalar mütləq olacaq. Araşdırma aparılır. Məsuliyyəti olan şəxslər barəsində ən ağır cəza tədbirləri görüləcək Lənkəran rayonunun Haftoni meşəsində ağac kəsintisi ilə bağlı aparılan araşdırmaların nəticəsi olaraq ETSN-in bu işə məsul olan şəxsləri barəsində işdən azad olunmayadək ən ağır cəza tədbirləri görüləcək. Sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Lənkəranın Haftoni kəndində “Beta” şirkətinin meşələrə zərər vurması barədə danışıb.

News24.az xəbər verir ki, o, bu gün ADA Universitetində “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda şirkətin cəzalanacağını deyib: “Bu işlə bağlı araşdırmalar davam edir. Şirkətin müqavilədə nəzərdə tutulan ərazidən kənara çıxdığı bəllidir. Şirkətlə müqaviləyə xitam vermək barədə işlərə start vermişik, iyulun 22-də işə baxılacaq”.



-->