-
- 28-07-2021, 13:38
- 4 712
"Bəyəm mən erməni müğənnisiyəm?" - Damla üsyan etdi - VİDEOMÜSAHİBƏ
Bu dəfə gördüyü hər işi, atdığı hər addımı müzakirələrə səbəb olan müğənni Damla News24.az-ın qonağıdır.
Sənətçi ilə bir çox məqamlardan danışdıq. Oğlundan, keçmiş həyat yoldaşı ilə münasibətindən, işindən, yeni mahnılarından, efirlərdən, kliplərindən.
Evim
- Pandemiya dövrünün ilk aylarında Rusiyadan Azərbaycana qayıda bilmirdiniz. Demək olar ki, üç ay vətənsiz qaldınız. Bu müddəti necə keçirdiniz?
- Pandemiya dövrünün bir il, üç ayı qalsın bir tərəfə, amma Rusiyadan vətənə gələ bilmədiyim günlər həyatımın ən çətin zamanı idi. Təsəvvür edin ki, cinayət törətməmisən, axtarışda deyilsən, amma sərhəddi keçib evinə gedə bilmirsən. Çox dolaşıq bir dönəm idi. Allaha çox şükür olsun ki, hər şey geridə qaldı. Düşünürəm, bu, mənim qismətimdə var imiş. Yaşadım və bitdi.
Həyatla mübarizə
- Deyəsən, o dönəmlərdə koronavirusa da yoluxdunuz?
- Bəli. Dərbənddə olanda virusa yoluxdum. Dəhşətli dərəcədə ağır keçirdim. 15 -20 gün yataqda həyatla mübarizə apardım. Təsəvvür edin, öz ölkəndə deyilsən, həkimə də müraciət edə bilmirsən ki, səni başqa ölkədə karantinə alınacaqlar. Çox çətin idi. Həkimsiz, iynəsiz, dərmansız sağaldım. Hətta deyərdim ki, Allah məni saxladı.
İbrahim
- İstərdim bir az da oğlunuzdan danışaq. Gözünüzün ağı-qarası bircə oğlunuza həm analıq, həm də atalıq edirsiniz. Atasız övlad böyütmək çətindir?
- Valideyn olmaq çox böyük məsuliyyətdir. Dünyanın ən çətin işidir, məncə. Çünki öhdəliyinə ağır və məsuliyyətli bir yük düşür. Və sən deyə bilmərsən ki, bu yük qalsın, onu sabah daşıyaram. Sən bu yükü ömrünün sonuna qədər sevgi ilə daşımalısan. Çünki sənin arzuların onun gələcəyi və xoşbəxtliyidir. Bu anda özünü unudub yalnız onun üçün yaşayırsan. Deyərdim ki, hər bir valideyn öz övladı üçün özünü şam kimi əridir. Hər şeyin başında sevgi dayanır. Ona görə də oğlumu sevgi ilə böyüdürəm. Aqressiv, neqativ, əsəbi, sərt, kobud olmaması üçün var gücümlə çalışıram. Hər zaman da oğluma deyirəm, sən nə qədər yaxşı olsan, Allah da o qədər qarşına yaxşı insanlar çıxaracaq.
Oğlumun atası
- Atası ilə əlaqəsi var?
- Əlbəttə. Heç vaxt oğlumu atasından ayırmaram. Övladını atasından, ayıranlara da çox pis baxıram. Axı, o uşaq atasının qanını daşıyır. Necə övladı ona qarşı böyütmək olar? O atanın nə qədər də pis, zərərli vərdişləri olsa da, nəticədə övlad onun soyadını daşıyır. Mən də oğlumu bu şüar altında böyüdürəm. Ona həmişə deyirəm ki, “İbrahim, biz ayrılsaq da, o sənin atandır. Aramızda yaşanan problemlər ikimizlə əlaqəlidir. Sən bu münasibətdə rol oynama. Atanla aramızda olan problemlərin acısını, cəzasını ona yaşatma”. Axı bu övladın günahı deyil. Heç bir uşaq dünyaya gələndə valideynini seçmir.
Yanlışlarım
- Bəs, həyat yoldaşınızla ayrılmaq qərarını oğlunuza necə izah etdiniz?
- Bəzən yaş azlığı, təcrübəsizlik insanı yalnış qərarlar verməyə məcbur edə bilir. Mən çox erkən yaşlarında ailə həyatı qurdum. 18 yaşımda artıq İbrahim qucağımda idi. Həmin anlarda doğru qərar verə bilməzdim. O yaşda insan çılğın olur. Düşünürsən ki, sən nə qərar versən, o doğrudur. Amma indiki yaşım olsaydı, belə tez və yalnış qərar verməzdim. Övladımın atası ilə yoluma davam edərdim, ayrılmazdım. Amma alın yazısı deyilən bir şey var. Mən ona inanıram.
...Bilirsiniz, bəzən insanlar uşaq yaşlarında yaşadıqları travmanı, ağrını-acını ömrünün sonuna qədər unutmurlar. Baxırsan ki, 35-40 yaşı var, amma hələ də o vaxtkı acının təsiri ilə yaşayır. Bunu sən uşaq yaşlarında yaşamısan və bitib. Onu ürəyində kin kimi saxlayıb qisası ilə yaşamaq olmaz. Çünki bəzən baxırsan ki, o acının heyifini hər kəsdən çıxarmağa çalışırlar. Deyir ki, bunu mən yaşamışam, başqaları da bu acını yaşamalıdır. Mən belə insanları anlaya bilmirəm.
Yasaqlar
- Oğlunuz sizə yasaqlar qoyur?
- Bir o qədər də yox. Əvəllər daha sərt və aqresiv idi, amma indi hər şey yaxşıdır, qaydasındadır. Qadağaları ancaq özü ilə bağlı olur. Deyir, mənimlə “İnstagram”da şəkil paylaşma, efirlərdə mənim barəmdə danışma.
Geyimim
- Geyimlərinizə necə, qarışır?
- Qətiyyən. Əksinə deyir ki, “sən pop ifaçıları kimi geyinmirsən”. Ona izah edirəm ki, mən elə geyinə bilmərəm. Təbii ki, açıq-saçıqlığı demir, amma fərqliliyin tərəfdarıdır. Bəzən onun bu haqda fikirlərini alıram. Çünki çox ağıllı məsləhətlər verir.
Ağ gəlinlik
- Geyim demişkən, Damlaya ağ gəlinlik geyinmək qismət olub?
- Yox, olmayıb, amma inşaallah, oğlumu evləndirərəm, sevib-seçdiyi qızı evimə gəlinlikdə gəlin gətirərəm. O da mənim qızım, balam olar.
Mənə ağ gəlinlik qismət olmayıbsa, bu o demək deyil ki, dünya dağılıb. Arzular, xəyallar bununla dayanmayıb. Allah bir qapını bağlayanda, digərini açır. Allah mənə gəlinlik geyinməyi qismət eləmədi, amma əvəzinə sevilməyi, məşhurluğu, istedadı, halal qazancı, uğuru verdi.
Xəyanət
- Xəyanəti bağışlayarsınız?
- Bilirsiniz, bəzi qadınlar deyir ki, fiziki xəyanəti bağışlamaq olmaz. Amma düşünürəm ki, əsas qarşındaki insanın ruhu, ürəyi, duyğuları başqasına aid olmasın. Yəni qəlbin xəyanəti olmasın. Əgər bir kişi qəlbinə başqasını yerləşdirirsə, sənin yanında ola-ola başqasını arzulayırsa, bu, artıq dəhşətli xəyanətdir.
Fərqli Damla
- Yaradıcılığınızda hansı yeniliklər var?
- Az qalıb ki, studiyada yataq. (gülür) Yeni işlər çoxdur. Aralarında duet, fərqli janrda mahnı da var. Elə indi onun həyəcanını yaşayıram. Bilmirəm dinləyicilər fərqli Damlanı necə qarşılayacaqlar, amma düşünürəm ki, maraqlı bir iş ortaya çıxacaq. Bu mahnıda bir az Damlalıqdan çıxmışıq.
Kliplərim
- Kliplərinizə küllü miqdarda vəsait yatırırsınız. Ən bahalı klip çəkdirən müğənnilər sırasındasınız. Elə sonuncu klipiniz də çox müzakirələrə səbəb oldu. Ordaki hovuz səhnəsi çox danışıldı. Sizin hovuzda ziyafət libasında görünməyiniz çox tənqid olundu.
- Guya hovuzda çimərlik geyimində olsaydım, alqışlanacaqdım? Əslində klipi çəkməzdən qabaq düşünürdüm ki, hər kəs deyəcək, halaldır Damlaya, hovuzda çimərlik geyimində deyil, amma əksinə oldu. Hər işimizdə bir “əmma” axtarırlar. Bu tənqid deyil, “mız” qoymaqdır. Tənqid odur ki, sənə deyirlər “Damla, bu səhvdir, qəbul olunmazdır”, amma mənə edilən şey tənqid yox, təhqirdir. Bu klipin üzərində böyük komanda çalışıb. Türklər klipi çəkib rəngləyiblər, tanınmış simalar geyim üzərində çalışıblar, mahnının aranjemanı dünya standartlarına uyğundur, sözlər, mətn, musiqinin tənzimlənməsi peşəkarcasına həyata keçirilib. Amma bir “əmma” var, aha tapdıq, Damlanın geyimi pisdir. Bunu kim geyindiribsə çox səhv edib. Bilirsiniz, geyimdə tutulan qüsurları hər zaman rahatlıqla qəbul edirəm.
Modelyer deyiləm ki, düşünüm, builki kolleksiyam qəbul olunmadı, mən batdım. Mən müğənniyəm. Bu gün belə geyinərəm, sabah başqa cür.
Paylaşımlar
- Sizin şəhidlərimiz və qazilərimizlə bağlı etdiyiniz paylaşımlarınız da birmənalı qarşılanmır. Bəziləri bunu reklama bənzədirlər.
- Bildiyiniz kimi, bu yaxınlarda bizim əsir düşmüş Aminimizin yanına getmişdim. O, mənim mahnılarımı çox sevir. Amin Azərbaycanımızın igid oğullarından biridir. Bilmirəm, niyə insanlar bunu reklama oxşadır. Yardım edirsən, deyirlər ki, reklamdır, eləmirsən, tənqid edirlər. Boş fikirlərdən, neqativ düşüncəli insanlardan yorulduğuma görə artıq elədiyim heç nəyi paylaşmıram. Məni qınayan müğənnilərə də sözümü dedim. Paylaşımımda yazmışdım ki, sizə də Xudayar, Amin kimi dinləyicilər arzu edirəm. İnanıram ki, bundan bir nəticə çıxaracaqlar. Mən isə özümü xoşbəxt ifaçılardan sayıram. Çünki müharibə dövründə ən çox arzu olunan, axtarılan sənətçilərdən idim. Yaralı qazilərimiz belə məni görmək istəyirdi. Təbii ki, onların istəyini geri çevirməmişəm. Xudayardan da danışmaq istərdim. Xudayarı bir açılış tədbirində illər öncə görmüşdüm. Konsertlərimə bir dəfə anası ilə, bir dəfə də qoruyu kimi qatılmışdı. Təbii ki, onu o zamanlar tanımırdım, amma tanısaydım, bəlkə də hər şey fərqli olardı.
Həmkarlarım
- Müğənni Xatirə İslam efirə çıxdığına görə telekanallardan pul tələb edir. Buna münasibətiniz necədir?
- İnanın, elə gözəl sənətçilərimiz, Xalq artistlərimiz, tarixə, “Qızıl fond”a düşmüş müğənnilərimiz var ki, onlar illərini bu sənətə fəda ediblər. Niyə də onlara qonorar verilməsin? Əməyə saygı olaraq bunu etmək olar. Biz ancaq kənarda olanları yüksəyə qaldırırıq. Bu, bizim problemimizdir. Bizə deyirlər ki, “sən Rihanna, Beyons, Sibel Can olacaqsan, sən kimsən?!”
Niyə başqa ölkənin sənətçisini dağın başına, bizimkini yerin altına qoyursan? Güya onlar kimdirlər ki? Məsələn, “İnstagram”da bir şəkil paylaşıram və statistikaya baxıram. Görürəm ki, statistikada 500.000 baxış olur, amma bəyənmə azdır. Niyə “like” düyməsinə basmırsan ki? Sonra da deyirlər ki, bunların səhifələri saxtadır. Elə bil bir düyməyə basmağa heyflənirlər. Hər şey bəyənmədən başlayır. Bu eqomuz bizi yaşamağa qoymur. Bir-birimizi saxta profillərdən izləyirik, qara siyahıya salırıq. Anlamıram bu nifrətin səbəbi nədir. “Youtube” səhifəmin şərhlərinə baxıram ki, Türkmənistandan, Qazaxıstandan, Türkiyədən, Gürcüstandan elə gözəl rəylər gəlir ki, insana bir ruh yüksəkliyi verir. Amma bizimkilər ancaq təhqir yazır. İnsanın qolu-qanadı qırılır. Mən erməniyəm? Xeyr. Mən də bu ölkənin qızı, vətəndaşıyam. Demirəm ki, səhərdə-axşama qədər məni təriflə, amma təhqir də eləmə. Nə qədər ki, bizim sənətçilər efirə çıxıb bir-birinin eyiblərini açıb ortaya qoyacaqlar, barmaq salayacaqlar, hədə-qorxu gələcəklər bu vəziyyət dəyişməyəcək. Belə gedişlə bizdən heç vaxt dünya ulduzu olmayacaq. Ona görə də bizdə “meqastar” da yoxdur. Dünyanın bütün ölkələrində tanınan, hava limanına düşəndə bütün medianın gəlib müsahibələr götürdüyü, yollarda tıxac, izdiham yaradan bir sənətçimiz yoxdur.
Ən çox incindiyim məqamlardan da biri öz efirlərimizdə bizim müğənnilərin kliplərinin yayımlanmamasıdır. Bir anlıq özümü erməni müğənnisi sayıram. Çünki mənim kliplərim qalıb, hansısa dünya ulduzunun klipi görünür. Radiolarda da eyni vəziyyətdir. Bütün günü xarici mahnılar səslənir. Nə olub bizim istedadlara? Azərbaycanda misli görünməyən səslər var.
Sevda Bayramova
VİDEO - FOTO: Hüseyn Həsənov