Ağstafa rayonu Böyük Kəsik-Ağgöl avtomobil yolu yenidən qurulur - FOTOLAR
    • 30-07-2021, 10:09
    • 585

Ağstafa rayonu Böyük Kəsik-Ağgöl avtomobil yolu yenidən qurulur - FOTOLAR

Dövlət başçısının tapşırıq və sərəncamlarına uyğun olaraq, cari ildə inşası və əsaslı şəkildə yenidən qurulması nəzərdə tutulmuş avtomobil yolları ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə Ağstafa rayonunda 5 km uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulması artıq yekunlaşmaq üzrədir.

Agentlikdən News24.az-a verilən məlumata görə, 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan sözügedən yol 2 mindən çox əhalinin yaşadığı 2 yaşayış məntəqəsinin rahat gediş-gəlişini təmin edəcək. Yolun layihə üzrə hərəkət hissəsi 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir. 

Uzun müddət əsaslı təmir edilmədən istismar olunduğundan yol geyimi və yolun əsası,  həmçinin torğaq yatağı yuyulmuş, hərəkət hissəsində qabarmalar və çökmələr əmələ gəlmişdir. Bu isə rahat və təhlükəsiz hərəkətə maneə yaradırdı. 

Bu üzdən tikinti layihəsinə uyğun yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi işləri aparılıb. Yolun müəyyən hissəsində yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülüb. Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton borular quraşdırılıb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yol boyu iri və xırda dənəli asfalt-beton qarışığından örtüyün alt və üst layının tikintisi aparılır. 

Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur. 

Tərtib olunmuş qrafikə uyğun olaraq görülən işlərin vaxtında  yekunlaşdırılması üçün əraziyə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub. 

Texnoloji ardıcıllığa uyğun şəkildə və birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılan yenidənqurma işləri ilə təbii ki, yol boyu vətəndaşların rahat gediş-gəlişi təmin olunacaq, yük və sərnişin daşıması asanlaşacaq.