Oğuz-Şəki avtomobil yolu yenidən qurulur - FOTO
    • 15-10-2020, 09:58
    • 466

Oğuz-Şəki avtomobil yolu yenidən qurulur - FOTO

Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyindən News24.az-a verilən məlumata görə, Agentlik tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.

Cari ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir. Respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi və sair yollarla yanaşı gediş-gəlişdə xüsusi əhəmiyyətə malik Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolunun da yenidən qurulmasına başlanılması bunun bariz nümunəsidir.

Hələ ötən əsrin 70-ci illərində inşa edilən sözügedən yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38.1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Bura 3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Bu üzdən sözügedən hissənin hərəkət hissəsində rahat hərəkətə maneə yaradan çatlar və deformasiyalar əmələ gəlib ki, yol boyu yenidənqurma işləri həyata keçirilməklə maneəsiz hərəkət təmin edilməlidir. 
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9.1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri nəzərdə tutulurdu ki, ilk olaraq elə bu ərazidə təmir-tikinti işlərinə başlanılıb. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır.
Aparılan işlər zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri, qazılmış hissələrdə yol yatağı və yol əsasının inşası, yol boyu mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə yenilərinin inşası, yeni səki daşlarının düzülməsi, səki və ayrıcı zolağın tamet daşlarla döşənməsi, yağış-kanalizasiya sisteminin bərpası və yeni sistemin yaradılmasından, sonuncu mərhələ üzrə yolun yeni asfalt-beton örtüklə döşənməsindən ibarətdir.

Oğuz-Şəki avtomobil yolunun 31.5 km-lik əsas hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması planlaşdırılır. Bunun üçün yol boyu genişləndirmə işlərinin aparılaraq yolun hərəkət hissəsinin eninin 9 metrə çatdırılması planlaşdırılır. Yuxarıda sadalanan təmir-tikinti işləri ilə yanaşı yol boyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi, həmçinin mövcud körpülərin əsaslı şəkildə təmiri də layihə üzrə nəzərdə tutulan işlərdəndir.

3.4 km-lik Oğuz və 3.2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.
Təbii ki, yenidənqurma işlərinin sonunda yol boyu zəruri olan yerlərdə yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkiləcək.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Əsaslı şəkildə yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən keçməklə 10-dan çox yaşayış məntəqəsini birləşdirir. Bu üzdən layihənin icrası ilk növbədə Oğuz və Şəki şəhərlərinin, həmçinin yol boyu yerləşən kəndlərdə yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, onların respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki, Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yollarına çıxışına imkan yaratmaqla sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir edəcək.