-
- 31-07-2021, 15:01
- 3 191
“AzerGold” ilin I yarısında qızıl hasilatını 16 %, gümüş hasilatını 9 % artırıb
“AzerGold” QSC-də bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
News24.az-ın Cəmiyyətə istinadən verdiyi məlumata görə, müşavirədə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının Səhmdar Cəmiyyət üçün olduqca əlamətdar dövrə, “AzerGold”un fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf etdiyini xatırladıb. Şirkətin bu illər ərzində kifayət qədər uğurlu yol qət etdiyini qeyd edən sədr iyulun 22-də Prezident İlham Əliyevin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə gerçəkləşdirdiyi tarixi səfərin şirkətin fəaliyyətinə verilən ən yüksək qiymət və əlavə stimul olduğunu diqqətə çatdırıb.
Z. İbrahimov Prezident İlham Əliyevin səfər çərçivəsində şirkətin fəaliyyəti və ölkənin dağ-mədən sənayesinə dair bir sıra vacib tövsiyyələr verdiyini qeyd edib. Onun sözlərinə görə, dövlət başçısının konkret tapşırıqları bu sektorun inkişafında müsbət təsirləri ilə yadda qalacaq.
Sədr cari ilin ilk 6 ayında həm hasilat, həm ixrac və satış, geoloji kəşfiyyat, eləcə də digər sahələrdə işlərin plana uyğun, bəzi sahələr üzrə plandan daha artıq və tam qrafik üzrə yerinə yetirildiyini qeyd edib.
Bildirilib ki, cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 %, gümüş hasilatında isə 9 % artım qeydə alınıb. Bununla yanaşı, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 % çoxdur.
Qeyd olunub ki, “AzerGold” fəaliyyət göstərdiyi dövr ərzində 254,5 min unsiya qızıl və 456,3 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 657 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,1 %-i həcmində vəsait ayırılıb. Bununla belə, şirkət qızıl mədəni layihələri üzrə dövlət büdcəsindən asılılığı tam olaraq aradan qaldırıb.
Məlumat verilib ki, bu ilin birinci yarımilində Cəmiyyətin vergi ödənişləri də vaxtında və tam həyata keçirilib. Ümumilikdə, cari ilin birinci yarımilində dövlət büdcəsinə 18,1 milyon manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 16,6 milyon manatı vergi, 1,5 milyon manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib. Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə 59 milyon manata yaxın məbləğdə vergi və rüsumlar ödənilib.
Z. İbrahimov hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd edərək, 2020-ci il üzrə maliyyə auditinin nəticələrinə əsasən, Səhmdar Cəmiyyətin öz səhmdarı olan dövlətə bu il ilk dəfə dividend ödənişini həyata keçirəcəyini diqqətə çatdırıb.
Daha sonra müvafiq şöbələrin rəhbərləri cari ilin ilk 6 ayı ərzində görülmüş işlər və layihələrin icra vəziyyətinə dair təqdimatlarla çıxış ediblər.
Z. İbrahimov yeni yataqların istismarına hazırlıq çərçivəsində görülən işlərin sürətləndirilməsi, ehtiyatların artırılması istiqamətində geoloji kəşfiyyat işlərinin daha da intensivləşdirilməsi, bütün sahələr üzrə artım dinamikasının qorunub saxlanılması barədə müvafiq tapşırıqlarını verib. Müşavirədə 2021-ci ilin ikinci yarımilində görüləcək işlər diqqətə çatdırılıb və tədbirə yekun vurulub.