Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
    • 10-08-2021, 10:30
    • 437

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan vəzifəli şəxslərə qarşı ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan News24.az-a verilən məlumata görə, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Mərdəkan qəsəbəsi, M.Hüseynov küçəsi 20 ünvanında vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə meşə fonduna daxil olmayan 13 ədəd şam, 6 ədəd sərv, 1 ədəd qaraağac, 5 ədəd ayland, 14 ədəd söyüd ağaclarının, cəmi 39 ədəd ağacın qanunsuz kəsilməsinə, bununla da fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyət və dövlətin qanunla qorunan mənafelərinə 40 min 320 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması İstintaq idarəsinə tapşırılmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq tədbirləri davam etdirilir.