-
- 10-08-2021, 15:38
- 750
“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq istəmir” - ŞƏRH
“Ermənistan hakimiyyətinin və cəmiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ümidi özünü doğrultmur. Təşkilat Ermənistan-Azərbaycan qarşdurmasında tərəf olmaq istəmir. KTMT nə müharibə, nə də ondan sonrakı dövrdə Ermənistana arxa olmadı. Çünki, təşkilat yaxşı anlayır ki, birincisi, Ermənistan haqsızdır, uzun illər qonşu ölkənin torpaqlarını işğal altında saxlayıb, ikincisi, Ermənistan Azərbaycanla sərhədi müəyyənləşdirmək və sülh sazişi imzalamaq istəmir”.
Bunu News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas İrəvandakı dünənki görüşlərində ehtiyatlı açıqlamalar səsləndirdi: “Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Zası “biz Sizi may ayından İrəvanda gözləyirik” sözləriylə sancmağı da unutmadı. Erməni jurnalistlər isə nə qədər baş katibdən Azərbaycan əleyhinə açıqlama almaq istəsələr də, alınmadı. Onlar anlamaq istəmirlər ki, Ermənistanı çıxmaq şərtilə təşkilatın üzvləri Azərbaycanla münasibətləri pozmaq istəmir. Elə təşkilatın baş katibi bir müddət əvvəl ona zəng edən erməni rəsmisinə açıq dedi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhəd məsələsinə qarışmayacaq. Yəni faktiki baş katib ermənilərə deyib ki, “bizdən əl çəkin və gedin Azərbaycanla razılaşın”. Buna baxmayaraq, İrəvan təşkilatdan əl çəkənə oxşamır. Bu da ondan irəli gəlir ki, Ermənistan təkbaşına Azərbaycanla bacarmayacağını anlayır.
Politoloq qeyd edib ki, İrəvan sentyabrın 16-na hazırlaşır: “Bu tarixdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sədrlik Ermənistana keçəcək. Ermənistan hakimiyyəti həmin tarixdən başlayaraq təşkilatı Azərbaycana qarşı yönəltməyə çalışacaq. Bu siyasət Azərbaycana deyil, Ermənistana əlavə problemlər yaradacaq. Çünki təşkilat üzvləri Ermənistanın haqsız tələblərinə görə Azərbaycanla üz-üzə qalmaq istəməyəcəklər. Əgər İrəvan dediyində israrlı olarsa, təşkilat daxilində gərginlik artacaq. Digər tərəfdən təşkilatın Ermənistandan başqa dərdi var. Əfqanıstanda gərginlik artır, terrorçuların bu ölkədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərə keçmə ehtimalı artıb. Təşkilat üzvləri buna qarşı birgə mübarizə haqqında düşünmək məcburiyyətindədirlər. Əfqanıstan təhlükəsi Ermənistanın bağırtılarından daha ağır gəlir. Ancaq hər halda rəsmi Bakı KTMT-yə bir daha mövqeyini xatırlatmalıdır ki, imkanları varsa Ermənistan hakimiyyətini ağıllandırsınlar və sərhədlərin demilitasiya və demarkasiyası məqsədilə ikitərəfli danışıqlar başlasın”.
Siyasət şöbəsi