Görmə əngəlli gənclərdən həyat dərsi-FOTO-VİDEO
    • 13-11-2018, 13:44
    • 853

Görmə əngəlli gənclərdən həyat dərsi-FOTO-VİDEO

13 noyabr Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə diqqət çəkmək məqsədilə Beynəlxalq Gözdən Əlillər günü kimi qeyd olunur. Bu münasibətlə Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB və Arzu Bağırovanın rəhbərlik etdiyi "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İB görmə imkanları məhdud, amma könül dünyaları zəngin olan 2 istedadlı gənc - Zeynəb və Fərqanın "Könül dünyası" adlı yaradıcılıq gecəsini təşkil ediblər.

News24.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan gecədə bəstəkar Vagif Gərəyzadə, müğənni Elnarə Xəlilova, aparıcı Mətanət Əliverdiyeva və başqaları iştirak edib.  Görmə əngəlli Zeynəb konül oxşayan şeirlərini, Fərqan isə nəğmələrini səsləndirib.  Yaradıcılıq gecəsində millət vəkili Qənirə Paşayeva da çıxış edib və hər kəsi bu cür insanlara dəstək olmağa çağırıb.

 Daima mərhəmət hissi aşılayan və ən aktiv millət vəkillərindən olan Qənirə Paşayeva Fərqanın müşayiəti ilə şeir də səsləndirib.  Müəllifi olduğu şeirlərini ifa edən Zeynəb əsl insanlıq dərsi keçib və Fərqanla özünü qüsurlu hesab etməyib: “Hər bir anımızda Allaha şükürlü olmağı bacarırıq. Bizi sizdən sadəcə görə bilməməyimiz fərqləndirir. Biz də sizin kimi hər şeyi hiss edir, duyuruq, yaşayırıq. Nikbin notlarla ömür sürmürük. Biz hətta görməməyimiz səbəbindən hər hansı bir çətinlik yaşadığımız zaman da güləcək səbəblər tapırıq. Daha pozitiv yaşayırıq. Səbrlə hər çətinliyimizin öhdəsindən gəlirik”. Zalda əyləşən tamaşaçılar gözyaşlarına hakim ola bilməyib.

Xatırladaq ki, 13 noyabr tarixi fransız pedaqoqu Valentin Qayuinin doğulduğu günlə bağlıdır. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin Qayuin dünyada ilk dəfə gözdən əlillər üçün “unisaial şriftləri”, yəni qabartmalı şriftlər yaradıb. 1784-cü ildə isə o öz evində görmə qüsuru olan insanlar üçün məktəb açıb və ixtirası olan qabartmalı şriftlərdən istifadə etməklə onlara təlim keçib. 2002-ci ildən etibarən hər il bu tarix bizdə də bu qəbildən olan insanların problemlərini aktuallaşdırmaq məqsədilə xatırlanır.

Qeyd edək ki, Azərbaycanda 320 000 əlilin 35 000 nəfəri kor və görmə qabiliyyəti zəif olan insanlardır. Əslində onlar fiziki qüsurlu olsalar da, həyata baxışlarına görə sağlam insanlardan heç də geridə qalmırlar. Əksinə, fikizi cəhətdən məhdudluq onları bizlərdən mənəvi cəhətdən daha güclü edir, məhz bu gücün sayəsində onlar həyata dörd əllə sarılmağı bacarırlar, hətta onlara qarşı laqeydliyə, kobud münasibətə baxmayaraq.

 Türkan Məmmədli
 Foto-video Nurlan Gülməmmədov