Peşə Təhsil Mərkəzinə mediatur: FOTOLAR
    • 13-08-2021, 15:10
    • 731

Peşə Təhsil Mərkəzinə mediatur: FOTOLAR

Avqustun 13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə mediatur təşkil olunub. 

News24.az-ın məlumatına görə, mediaturda millət vəkilləri, tanınmış ictimaiyyət və media nümayəndələri iştirak ediblər. 

Mediatur çərçivəsində iştirakçılara növbəti tədris ili üçün peşə təhsili müəssisələrinə qəbul prosesində tətbiq edilən yeniliklər və ümumi qaydalar barədə məlumat verilib. Bildirilib ki, 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılır və ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılıb. Həmçinin cari ildən etibarən ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisinin aparılacağı vurğulanıb. Qeyd olunub ki, 15 ixtisas üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılıb.

Daha sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müasir standartlara cavab verən emalatxanaları, maddi-texniki bazası və tədris prosesinin təşkili ilə tanışlıq olub. Mərkəzdə yaradılmış şəraitlə tanış olan mediatur iştirakçılarının nəzərinə çatdırılıb ki, beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabət qabiliyyətli kadrlar hazırlığını həyata keçirən mərkəzdə ötən dövr ərzində tələbələrə 9 istiqamət üzrə texniki peşə, 2 istiqamət üzrə isə yüksək-texniki peşə təhsili tədris olunub. 2021-2022-ci tədris ilindən etibarən isə tələbələr həm texniki, həm də yüksək texniki peşə təhsil səviyyəsi üzrə hər birində 11 istiqamət olmaqla müxtəlif ixtisaslarda tədris ala biləcəklər. 

Mediatur çərçivəsində peşə təhsili müəssisələrini bitirmiş və müxtəlif istiqamətlər üzrə uğurlu karyera quran məzunlarla görüş də baş tutub. Görüş zamanı qonaqların təcrübəsi dinlənilib və peşə təhsilində hazırda olan vəziyyət və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda mediatur iştirakçılarını maraqlandıran çoxsaylı suallar cavablandırılıb. 

Qeyd edək ki,  10 avqust tarixindən  peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilib. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az”  platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır. 


FOTO: Hüseyn Həsənov